UZUN-UZADI ARZULAR NƏ ÜÇÜN MƏZƏMMƏT OLUNUR?

UZUN-UZADI ARZULAR NƏ ÜÇÜN MƏZƏMMƏT OLUNUR?

İmam Əli (ə) buyurmuşdur:

ما اطالَ احَدٌ الْامَلَ الّا نَسِىَ الْاجَلَ و اساءَ الْعَمَلَ؛

“Heç bir insan ölümü unutmayınca və əməllərini puç etməyincə, öz arzularını uzatmaz.” (“Qürərül-hikəm və dürərül-kəlim”, 6-cı cild, səh.101; hədis 9676.)

Ərəb dilində “ümid” və “arzu” mənalarını verən iki söz vardır: biri “rəca”, digəri isə “əməl” (həmzə ilə – أمل) sözləridir. “Rəca” sözü müsbət mənada işlədilir və “qurucu ümid və arzu” mənasını daşıyır. “Əməl” sözü isə mənfi mənada işlədilir və “viranedici arzu” mənasını daşıyır. Öz dilimizdə “rəca” sözü “ümid”, “əməl” sözü isə “arzu” kimi işlədilir. İmam Əli (ə) bu dərinmənalı hədisdə “arzu”nun mənfi yönlərini və insanın əməllərindəki acınacaqlı təsirlərini vurğulayır.

Sual: Doğrusu, nə üçün “uzun-uzadı arzular” bu qədər pislənilir?

Cavab: Dünya malı və maddiyyatın aldadıcı xasiyyəti budur ki, uzaqdan güclü cazibə qüvvəsinə malik olsa da, insan ona yaxınlaşdıqda, adət edir və o, öz cazibəsini əldən verir. Buna narkotik maddələri misal göstərmək olar ki, öncə cazibə qüvvəsinə malik olsa da, insan ona alışdıqda, öz cazibəliyini itirir, daim onun istifadə miqdarını artırır və nəticədə, insanın ölümünə səbəb olur.

Kirayəli evdə yaşayan şəxs ev sahibi olmaq arzusu ilə yaşayır və bu arzu onun üçün olduqca cazibəlidir. Amma ev sahibi olduqdan az müddət sonra, həmin ev onun üçün adiləşərək, daha imkanlı və böyük bir ev arzusuna qapılır. Bu da onu qane etmir və hər gün yeni və modern ev arzulamağa başlayır.

Demək, arzuların sonu yoxdur və öz arzularına çatmaq istəyən insan var qüvvəsi ilə çalışmağı qarşısına məqsəd qoyur. Təbii ki, belə bir insanın axirət üçün çalışmağa gücü və vaxtı olmayacaqdır. Elə buna görə də, məsum rəhbərlərin hədislərində uzun arzular məzəmmət edilmiş və axirətin unudulmasının səbəbi kimi tanıtdırılmışdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: “Uzun-uzadı arzular axirəti yaddan çıxarır.” (“Qurani-Kərimdə əxlaq”, 3-cü cild, səh. 188.)

Qeyd etməliyik ki, adətən, uzun-uzadı arzulara səbəb olan saysız-hesabsız nemətlər bir çox hallarda bədbəxtliyə səbəb olur! Nəql edirlər ki, bir gün həzrət Peyğəmbər (s) bir səhralıqdan keçərkən səhabələrinə buyurdu: “Gedin, bir az süd gətirin və pulunu da sahibinə verin.” Heyvanın sahibi Peyğəmbərə (s) süd verməkdən imtina etdi. Peyğəmbər (s) onun mal-dövlətinin çoxalması üçün dua edərək yoluna davam etdi. Başqa bir səhralıqda yeni heyvan sürüsü ilə rastlaşdıqda, sürünün sahibindən süd istədi. Sürünün sahibi dərhal Peyğəmbərin (s) istəyini yerinə yetirdi, o həzrətə və səhabələrinə süd verdi. Həzrət əlini göyə qaldırıb belə dua etdi: “İlahi, ona kifayət qədər nemət əta et!” Səhabələr Peyğəmbərdən (s) hər iki nəfər üçün fərqli dua etdiyinin səbəbini soruşduqda, Həzrət buyurdu: “İlk şəxs üçün nemətin çoxluğu əzab-əziyyətinə səbəb olacaq.” (“Biharul-ənvar”, 69-cu cild, səh.61, hədis 4.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru