Uzunömürlü inflyasiya

Uzunömürlü inflyasiya

"Novoye Vremya" qəzetində diqqəti "İnflyasiyaya uzun yaşamaq əmri verilib" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif xatırladır ki, "Standard&Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanda inflyasiyanın 13.5 faizdən 8.9 faizə enəcəyini bildirib. Amma, hələ ki, inflyasiyanın enməsi müşahidə edilmir.
 
Üstəlik, yazıda bildirilir ki, bu hesabatla Mərkəzi Bankın (MB) son açıqlamaları ziddiyyət təşkil edir:
"Mərkəzi Bank bəyan edir ki, inflyasiya üzrə qısa- və ortamüddətli risklər hələ tam aradan qaldırılmayıb. Açıqlama aylıq inflyasiyanın mövsümi azalması fonunda verilib".
 
Müəllif hesab edir ki, hökumət və MB inflyasiyanı cilovlamaqdan ötrü əhəmiyyətli tədbirlər görməyib. Ona görə də, payızda inflyasiyanın artacağı təxmin edilir. Yazıda bunun səbəbi belə izah edilir:
"İnflyasiyanın yüksəlməsinə təkcə istehlak bazarındakı qiymət artımı təsir etmir. Xidmət tarifləri də bu məsələdə heç də az rol oynamır. Bizdə isə xidmət tarifləri tədricən bahalaşmaqdadır".
 
Yazıda xatırladılır ki, bu yaxınlarda Aİ-92 markalı benzinin qiyməti 20 qəpik artırılıb. Müəllifin fikrincə, bu da tədricən inflyasiyanın artmasına təsir göstərəcək:
"Odur ki, inflyasiya riski nəinki aradan qaldırılmayıb, əksinə, bütün iqtisadiyyatı hədələməkdə davam edir. Bunu tam neytrallaşdırmaq üçün bütöv antiinflyasiya tədbirləri gərəkdir. Amma müşahidə edilən budur ki, hökumət inflyasiya üzərində nəzarəti ələ ala bilmir".
 
Yazıda vurğulanır ki, makroiqtisadi qeyri-sabitlik də inflyasiyanın yüksəlməsinə təsir göstərir. Müəllifin fikrincə, qeyri-sabitlik davam edəcəksə, inflyasiyanın, işsizliyin artmasının və ümumi daxili məhsulun (ÜDM) azalmasının qarşısını almaq mümkün olmayacaq. /

Google+ WhatsApp ok.ru