Uşaqlar arasında köklük yayılır

Uşaqlar arasında köklük yayılır

-- 2000-2016-cı illərdə yaşı 5-dən az kök uşaqların sayı 38 faiz artıb.

Uşaqlar arasında köklük ən çox Birləşmiş Ştatlarda yayılıb, amma Asiya-Sakit Okean regionunda da sürətlə artmaqdadır. “Reuters” informasiya agentliyi bunu yeni tədqiqata istinadla yazır. Tədqiqatı BMT və digər beynəlxalq təşkilatlar aparıb.
 
Maide.Az "azadliq.org"-a istinadən xəbər verir ki, 2000-2016-cı illərdə yaşı 5-dən az kök uşaqların sayı 38 faiz artıb.
 
HƏYATİ TƏHLÜKƏ
 
“Asiya-Sakit Okean regionunda köklüyün artması bir sıra ölkələrdən sürətli gedir”, – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Banqkokdakı rəsmisi Sridhar Dharmapuri agentliyə deyib.
 
O, köklük göstəricilərində Birləşmiş Ştatların lider olduğunu, ancaq bir çox ölkələrdə bu problemin həyati təhlükə yaratdığını sözlərinə əlavə edib.
 
Tədqiqatçıların deməsinə görə, Asiya-Sakit Okean regionunda piyliliyin artması ona görə narahatlıq yaradır ki, çəkisi normadan artıq uşaqlar elə bu cür də böyüyürlər. Bu da ikinci dərəcəli diabet, yüksək qan təzyiqi, qaraciyər xəstəliklərinə yol aça bilər.
 
Köklüyün artması son 20 ildə bu regionda sərvətin yüksəlməsi, həyat səviyyəsinin yaxşılaşmasıyla izah olunur.
 
“Regionda iqtisadi artım yaşanır və ərzaq nisbətən ucuzlaşdır”, – Tokiodakı Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) iqtisadçısı Matthias Helble deyib.
 
Aprelin 9-da Ficidə başlanan FAO konfransında “köklük bombası” əsas müzakirə mövzusu olacaq.
 
SƏBƏBLƏR
 
Çəki artıqlığı göstərici üzrə cənubşərqi Asiyada Malayziya, İndoneziya, Sinqapur və Tailand, Sakit Okean regionunda isə Samoa, Tonqa və Nauru liderləri edirlər.
 
Bu ölkələrin çoxu eyni zamanda vətəndaşlarının pis qidalanmasıyla mübarizə aparmaqdadır.
 
ADBI-nin son hesabatına görə, Asiya-Sakit Okean regionunda vətəndaşların çəkisinin çoxluğu ildə 166 milyard dollara başa gəlir.
 
Tədqiqatçılar bildirirlər ki, region əhalisi daha çox istehlak etməkdən savayı, fermer təsərrüfatlarından emal sənayesinə, daha sonra xidmət sektoru işlərinə keçiblər ki, bu sahələrdə oturaq həyat tərzi üstünlük təşkil edir.
 
Bir məsələ də var ki, şəhərdə yaşayanlar ictimai nəqliyyatın bərbadlığı ucbatında saatlarla yol sərf edirlər və evə çatınca yemək bişirməyə vaxtları qalmır. Buna görə də evdən kənarda hazır, ayaqüstü yeməklərə üstünlük verirlər. Bu yeməklərsə tərkibindəki daha çox yağ, duz və şəkərlə tanınır.
 
Dharmapuri-nin sözlərinə görə, region əhalisi balanslı pəhriz saxlamağa çalışır, amma bu pəhrizin tərkibində tərəvəz az olur. “Bu pəhriz daha çox düyü tərkiblidir”, – o deyir.
 
Helble artıq çəkili adamların sağlam həyat keçirənlərdən daha tez dünyasını dəyişdiyini, məhsuldar həyatlarının qısa olduğunu vurğulayır. 
 

Google+ WhatsApp ok.ru