Uşaqları bu oyunlardan uzaq tutun! – Valideynlərə SOS siqnalı

Uşaqları bu oyunlardan uzaq tutun! – Valideynlərə SOS siqnalı

Zorakılıq saçan cizgi filmlərinin uşaq psixologiyasına təsirini necə önləməli...
 
Azərbaycanın özünün çəkdiyi cizgi filmləri olduqca azdır və bunlar efirlərdə getmir. Çox təəssüflər olsun ki, Azərbaycanda Türkiyədə olduğu kimi uşaqları maarifləndirən, xeyirxah və mərhəmətli olmağı öyrədən cizgi filmləri yoxdur.
 
Düzdür, türk cizgi filmlərində də şiddət, ölüm səhnələri var. Ancaq Azərbaycanda yayımlanan və bərbad şəkildə tərcümə edilən cizgi filmlərə baxdıqda nəinki uşaqda, hətta böyüklərdə belə aqressivlik yaranır. Mütəxəssislərə görə, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Təsadüfi deyil ki, son zamanlarda uşaqlarda ətraf mühitə qarşı xüsusi aqressivlik qəddarlıq var. Bunun da səbəbi yenicə ətraf aləmlə tanışlığa başlayan uşağın telekanalları zəbt edən döyüşlü, qanlı cizgi filmlərdə gördükləri münasibəti həyatında da görmək istəyidir.
 
Bu isə uşaq psixologiyasına ciddi zərər verir. Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Amerikada bir qrup psixoloq tərəfindən aparılan başqa bir araşdırma, müasir cizgi filmlərinin uşaqlara həyatı öyrətmək əvəzinə, onları şiddət və zorakılığa meyilləndirdiyini ortaya çıxardı.
 
“Seattle” Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində ağardığı araşdırmanın nəticələrinə görə, məktəb öncəsi dövrdə şiddət mövzulu cizgi filmlər izləyən uşaqlar daha sonra yaşıdlarına görə 3 qat daha aqressiv olur. Bu cür uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı. Rusiyalı psixoloqlar isə uşaqların psixologiyasına mənfi təsir edən ən pis cizgi filmlərin reytinqini müəyyən edib. “Maşa və ayı” cizgi filmi bu siyahıda ilk pillədədir. Ekspertlər hesab edir ki, sərbəstlik və söz baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir. Uşaqlar elə düşünürlər ki, bu davranışlar normaldır. İkinci yerdə isə “Bədheybət Hay” cizgi filmi gəlir. Mütəxəssislərin sözlərinə görə, personajların istifadə etdiyi sözlər uşaqların dil lüğətinə mənfi təsir göstərir. “Süngər Bob kvadrat şalvar” siyahıda üçüncü sırada yer alıb. Pxioloqların fikrincə, baş qəhrəman-süngər Bob olduqca eqoistdir və hər zaman böyükləri tənqid edir. Dördüncü yerdə isə siçanın hər zaman pişiyi lağa qoyduğu “Tom və Cerri” gəlir. Ekspertlərin sözlərinə görə, baş qəhrəmanlar uşaqların böyüklərə qarşı münasibətlərinə mənfi təsir yaradır.
 
Maraqlıdır, Azərbaycan niyə öz cizgi filmlərini çəkmir və uşaqlar üçün maarifləndirici bir qəhrəman ortaya qoya bilmir? Kinoşünas Aygün Aslanlı bildirdi ki, zorakılı saçan cizgi filmlərin nümayişinə mütləq şəkildə nəzarət olmalıdır: “Biz də çox istərdik ki, Azərbaycan öz cizgi filmlərini çəksin, ssenari müsabiqələri keçirtsin və uşaqlarımız öz qəhrəmanlarımıza baxsın. İdeyalar gəzirdi ki, cırtdan müasirləşdirilib və animasiya çəkiləcək. Ancaq hələ ki, heç bir nəticə ortada yoxdur. Son dövrlərdə Azərbaycan ”Azanfilm"də çəkilən cizgi filmlərinin demək olar ki, əksəriyyəti təbliğat xarakterlidir. Məsələn, neftə, vətənpərvərlik mövzusunda olan cizgi filmləri var. Sadəcə olaraq Pepe, Kayu kimi qəhrəmanlar təqdim edən, uşaqların seçdiyi, nələrsə öyrəndiyi, maarifləndirici animasiya filmlərimiz yoxdur. Şiddət saçan cizgi filmlərin nümayişinə təbii ki, nəzarət olmalıdır. Çünki cəmiyyətimizdə baş verənləri günü-gündən aqresiyanın, şiddətin artdığını görürük. Bunların hamısı aldığımız informasiya vasitələri ilə bizim beynimizə ötürülür. Həm öz yaşadığımız mühitin, həm də aldığımız informasiyaların aqressiyanın güclənməsində böyük rolu var. Cizgi filmlərinin də bunda rolu var. Uşaqlar o cizgi filmlərinə baxır və orda olanları təqlid etməyə başlayır. Məsələn, uşağa söz deyəndə birdən durub səni vura bilər. Deyər ki, “Ben Ten” də belə edirdi. Ona görə də buna nəzarət olmalıdır. Bu nəzarət də aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir. Azərbaycanda xarici serialların nümayişinə qadağa qoyuldu, yerli serialların çəkilişi başladı. Cizgi filmləri ilə bağlı da bu cür ola bilər. Bildiyiniz kimi, bizim kanallarda bir reytinq xəstəliyi var. Baxırlar ki, həmin cizgi filmlərinin göstərildiyi uşaq kanalları var ki, onların reytinqinə baxaraq götürüb tərcümə edirlər. İki, üç il öncə Kayu, Pepe cizgi filmlərini tərcümə edib verirdilər. İndi onların niyə göstərilmədiyini bilmirəm. Ancaq nəzarət mütləq olmalıdır. Həyatımız o qədər texnologiyalaşıb ki, hər dəqiqə o informasiya axınının içində oluruq. İnformasiya axınının uşaqlarımıza da həddindən artıq təsiri var". (musavat) /

Google+ WhatsApp ok.ru