Vəkil: “Famil Şükürovun səhhəti ilə bağlı ciddi narahatlıqları var”

Famil Şükürovun səhhəti ilə bağlı ciddi narahatlıqları var və bu barədə bir neçə dəfə özünün müalicə olunmaq üçün müraciəti cavabsız qalıb. Bunları İslaminsesi.az-a vəkili Anar Qasımlı bildirib:
 
“Nəhayət 3 aya yaxın davam edən məhkəmə prossesi avqust ayının 26-da sona yetdi. Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə təqsirləndirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
 
Məhkəmə haqda onu deyə bilərəm ki, buna məhkəmə prosesi demək olmaz. İstintaq protokolunda  140-a  yaxın şahid ifadəsi var idi. Bu şahidlərin hamısı Ərkivan kəndinin sakinləri idi. Məhkəmədə bir çox şahidlərin yalanları ifşa olundu.
 
 Onlardan biri ifadəsində bildirdi ki, hadisə olan günü o, ümumiyyətlə rayonda deyil, Bakıda olub. Həmin şəxs kənd bələdiyyəsinin sədr müavinidir. Onu da müstəntiq ifadə verməyə çağırıb. Hətta o, ifadə verərkən ezamiyyət vərəqəsini də təqdim etdi ki, həqiqətən hadisə zamanı Bakı şəhərində olduğunu sübut etsin. Başqa bir şahid isə ona belə yazdırıldığını bildirdi. Yalnız dövlət orqanlarının müəyyən vəzifələrində işləyən insanlar öz kürsülərini itirməmək xatirinə, nala-mıxa vururdular. Sonradan bəlli oldu ki, onlar bu hadisəni görməyiblər.
 
Məhkəmədə məlum oldu ki, istintaq düzgün olmayan ifadələr əsasında qurulub. Sonda proses iştirakçıları və məhkumların yaxınları elan olunmuş hökmə görə hakimə etiraz etdilər, məhkəmənin sifarişli və ədalətsiz olduğunu, yalançı şahidlərin üzə durduqlarını bildirdilər”.
 
Vəkil həmçinin Familin səhətində ciddi problemlər olduğunu bildirdi:
 
“Müvəkkilimin səhhəti ilə bağlı bu yaxınlarda ciddi narahatlıqları vardı. Başında şiddətli ağrılar yaranıb.  Bu yaxınlarda dişini çəkdirib və ağzında şiş yaranıb.  
 
Digər bir tərəfdən onun  hazırda  gözləri  tutulmaq üzrədir. Eynəkdən istifadə etməsinə baxmayaraq, 15 gündür ki gözlərində zəiflənmə yaranıb və görmə qabiliyyətini 80 faiz itirmək təhlükəsi qarşısındadır. Özü bir neçə dəfə müalicə üçün müraciət etsədə və cəhhəti ilə bağlı ciddi problemlər olmasına baxmayaraq ona heç bir yardım göstərilməyib”.

Google+ WhatsApp ok.ru