Vəkil Osman Kazımova görə, Abdulla Abdullayev şantaja məruz qoyulub

AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev üzərində məhkəmə prosesinin bu ayın sonuna  kimi bərpa ediləcəyinə inanmıram. Bu haqda Turan-a A.Abdullayevin vəkili Osman Kazımov bildirib.
 
“Bunlar sifarişlə keçirilən məhkəmələrdir və konkret söz deyilməyincə, hansısa bir hərəkət olacağı inandırıcı deyil”, - deyə vəkil faktiki məhkəmələri müstəqil olmamaqda ittiham edib.
 
Daha sonra O.Kazımlı A.Abdullayev və daha 5 nəfər üzərində mart ayından iyun ayına kimi davam edən məhkəmə prosesləri və konkret ittihamlar barədə açıqlama verib. “Burada müdafiə tərəfi üçün vacib olan budur ki, ittiham tərəf irəli sürdüyü ittihamları sübuta yetirə bilmir”, - deyə vəkil istintaqı əsassız ittiham irəli sürməkdə suçlayıb. O qeyd edib ki, istintaq tərəfin yüzlərlə zərərçəkən kimi tanıdığı şəxs A.Abdullayevi təqsirli və ya zərərvuran şəxs kimi tanımayıblar. Vəkilə görə bu da onu göstərir ki, istintaq təqsirləndirmək istədiyi şəxsin təqsirini sübuta yetirə bilməyib. Digər tərəfdənsə, O.Kazımov ittiham tərəfi istintaqı çox səthi aparmaqda ittiham edib.
 
“Maraqlı bir situasiya yaranıb, A.Abdullayevə “Texnikabank”dan kredit olaraq götürülən və artıq qaytarılmış olan maliyyə vəsaitlərinə görə həm dələduzluq, həm külli miqdarda mənimsəmə, həm də “çirkli pulların leqallaşdırılması” ittihamları irəli sürülür. İstintaq tərəfdən “çirkli pulların leqallaşdırılması” ilə bağlı fevral ayından bu yana sübutları tələb edirik, amma ittiham tərəf bizə bir sübut belə təqdim etməyib”, - deyə vəkil durumu açıqlayıb.  
 
O.Kazımov A.Abdullayevin şantaja məruz qalması kimi mövqe açıqlayıb. Onun sözlərinə görə, məhkəmə prosesinin gedişində şantajın haradan qaynaqlanması bütün proses iştirakçılarına da aydın olacaq. Vəkil şantajın mənbəyi kimi daha çox hüquq-mühafizə orqanlarının olacağını ehtimal edir.
 
A.Abdullayev 2014-cü ilin aprelində həbsə alınıb. İstintaq ona qarşı dələduzluq, külli miqdarda dövlət vəsaitini mənimsəmək, səlahiyyətindən sui-istifadə və “çirkli pulların yuyulması” kimi ittihamlar irəli sürüb. A.Abdullayev ittihamları birmənalı olaraq rədd edir və özünü təqsirli bilmir.

Google+ WhatsApp ok.ru