Vərəm dispanserinin qorxulu `qonşuluğu` - təhlükəli ərazi

Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.
 
Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi.
 
O da məlumdur ki, Bakıda da bu tip səhiyyə ocaqları şəhərin kənarında təşkil edilmişdi. Amma dövr keçib və şəhərimiz böyüyüb. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir.
 
Bunlardan biri də "Alatava" deyilən ərazidə yerləşən Vərəm dispanseridir.
 
Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları və sairi görəndə istər istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?
 
Burada belə bir dispanserin fəaliyyət göstərməsi əlavə təhlükə mənbəyi deyilmi?
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğuya cavab olaraq, vərəm xəstəliyi ilə bağlı mütəxəssislərdən biri ilə əlaqə saxlamağımız məsləhət bilindi.
 
Müraciət etdiyimiz həkim-epidemioloq, Respublika Gigiyena-Epidemiologiya Mərkəzinin əməkdaşı Məlahət Cəbrayılova bildirdi ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var:
 
"Sizin bəhs etdiyiniz Vərəm dispanseri isə Yasamal rayonu ərzaisində yerləşir və 1 saylı Vərəm dispanseridir. Həmin dispanser də ətrafı geniş, hündür hasarla hasarlanıb. Burada da giriş-çıxış xüsusi rejimlədir-xəstələrdən başqa. İndiyə qədər də elə bir fakta rast gəlinməyib ki, həmin dispanserdən kənarda kiməsə nəsə keçsin, kimsə bu xəstəliyə yoluxsun.
 
Orada fəaliyyət göstərən, yəni, ət satışı ilə məşğul olan şəxslər də həmişə tibbi müayinədən keçiriliblər. Yəni, elə bir hadisə də, həmin insanlarda vərəm də aşkar olunmayıb ki, bu dispanserin orada yerləşməsi ciddi narahatçılıq yaratmış olsun".
 
O qeyd edib ki, bizə də bununla bağlı epidemioloji göstəriş, fakt olmayıb ki, biz də onu araşdıraq.
 
"Ümumlikdə götürəndə isə həmin dispanserlərin xüsusi iş rejimi var, xəstəyə baş çəkmək üçün də müəyyəın olunmuş vaxtlar, qrafiklər var.
 
Yəni, yolxuculuq cəhətdən həmin dispanserlər başqalarına, ətrafdakılara hansısa problemlər yaratmır. Mən özüm də 1996-cı ildən bu sahədə çalışıram və təxminən bu iyirmi il ərzində də bununla bağlı hansısa faktla, problemlə üzləşməmişəm. Konkret adını çəkdiyiniz dispanserlə də bağlı indiyədək bizdə hansısa məlumat yoxdur".
 
M.Cəbrayılova onu da bildirib ki, nəinki vərəm dispanserləri, ümumiyyətlə, infeksion xəstəliklərlə bağlı müəssislər tikilərkən onun ətraf aləmlə əlaqəsi, təhlükəlilik məsələsi nəzərə alınıb:
 
"Yəni, hava, küləyin də istiqməti nəzərə alınıb ki, ətrafdakılara yolxucu xəstəliklər keçməsin..." - deyə, o, sözlərinə əlavə edib
 
Anlaşıldı ki, dispanser tikiləndə bir çox məsələlər, hətta küləyin istiqamə nəzərə alınıb. Amma qaranlıq qalan odur ki, dispanserin ətrafında tikililər yaranarkən bu şeylər nəzərə alınıb, ya yox.
 
Qısası, Allaha aman yaşayış tərzi... Biz də ümid edək ki, belə bir dispanserlə qorxulu qonşuluqda yerləşən insanlar hər hansı bir infeksion xəstəliyə düçar olmazlar.(gun.az)

Google+ WhatsApp ok.ru