Vəkil polisə çağrılıb, onun məhkəmə zalında bir qadını döydüyü iddia olunur...

Vəkil polisə çağrılıb, onun məhkəmə zalında bir qadını döydüyü iddia olunur...

Vəkil Fariz Namazlı bu barədə Yasamal polisində xəbər tutub. Noyabrın 2-də onu Yasamal Rayonu Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət ediblər.
 
F.Namazlının bildirdiyinə görə, dəvət oktyabrın 20-də Bakı Apelyasiya Məhkəməsində baş vermiş insidentlə bağlı olub.
 
Vəkil həmin insident zamanı məhkəmə prosesində iştirak edən şəxslərin ona hücum etdiklərini deyir.
 
28-ci polis bölməsinə gedən vəkilə orda bildiriblər ki, məhkəmə zalında baş verən insidentdə iştirak edən şəxslər ondan Daxili İşlər Nazirliyinin ”102 xidməti”nə şikayət ediblər.
 
Şikayətçilərin iddiasına görə, F.Namazlı məhkəmə zalındakı qarşıdurma zamanı bir qadını döyüb, ona xəsarət yetirib.
 
“Şikayət etmiş qadın tibbi ekspertizadan da keçib. Ekspert rəyində qadına yüngül xəsarət yetirildiyi ifadə olunub”, vəkil bildirib.
 
F. Namazlı polis bölməsində heç kimə xəsarət yetirmədiyini, özünün hücuma məruz qaldığını bildirib.
 
“Bunu məhkəmə zalında olan kamera görüntüləri də təsdiqləyir. Görüntüləri polis bölməsinə təqdim etmişik. Həmin görüntülərdə məhkəmə zalında nələrin baş verdiyi aydın görünür”, vəkil qeyd edib.
 
Vəkilin də adı keçən insident ötən ay Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Fazilov barəsində hökmdən verilmiş şikayətə baxış zamanı baş verib. F.Namazlı təqsirləndirilən tərəfi təmsil edib.
 
Prosesdə qismən məhkəmə istintaqı aparılması barədə vəsatətin verməsi, və məhkəmənin də həmin vəsatəti təmin etməsinin ardınca iclasda qarışıqlıq yaranıb.
 
Vəkil Fariz Namazlı bir sıra siyasi işlərdə müdafiə tərəfini təmsil edib. O, Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın da vəkili olub.
 
Vəkildən Daxili İşlər Nazirliyinin ”102 xidməti”nə şikayət edənlərin məsələ ilə bağlı fikirlərini isə, hələlik öyrənmək mümkün olmayıb. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru