Vəkil: Ümid edək ki, apellyasiya məhkəməsi bu qanunazidd və rüsvayçı hərəkəti tez bir zamanda aradan qaldıracaq...

Vəkil: Ümid edək ki, apellyasiya məhkəməsi bu qanunazidd və rüsvayçı hərəkəti tez bir zamanda aradan qaldıracaq...

Ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.
 
Maide.Az tanınmış vəkilin açıqlamasını təqdim edir: 
 
"Namaz qıldığına və xütbə söylədiyinə görə həbs olunan, ruhani, jurnalist və "maide.az" saytının baş redaktoru Hacı Sərdar Babayevin barəsində seçilmiş həbs qətimkan tədbiri barədə məhkəmənin qanunsuz qərarından bu gün Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. Ümid edirəm ki, apellyasiya məhkəməsi bu qanunsuzluğu aradan qaldıracaq.
 
Əvvəla Sərdar Babayev ilk dini təhsilini Azərbaycan Respublikasında hələ sovet dövründə almışdır və istintaq orqanında bu barədə məlumat vardır. Bundan əlavə Sərdar Babayevin həbsi və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 168.1-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) II və III bəndlərinə əsasən hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
 
Həmin maddə həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 9-cu (Fikir, vicdan və din azadlığı), 10-cu (Fikri ifadə etmək azadlığı) maddələrinə ziddir. Eyni zamanda cinayət məcəlləsinin həmin norması "Ümumdünya insan hüquqları bəyannaməsi"-nin 18-ci maddəsinə ziddir.
 
Sərdar Babayevin həbsi ilə dünən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini istintaq materiallarına zidd olan məlumat yaymaqla dövlət rəsmisi olaraq qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan faktiki olaraq onun təqsirinin tam sübuta yetirilmiş olması barədə məlumatlar yaymış və bununla Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II bəndini və Avropa Konvenisyasının 6.2 maddəsini pozmuşdur.
 
Sərdar Babayev 2009-cu ildə Masallı şəhər məscidinə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Mirqiyas Təhməzovun dəvəti ilə xütbə söyləməklə cümə namazlarına rəhbərlik etmiş, bunu sonuncu üzləşdirmə zamanı təsdiq etmişdir və ona dəfələrlə xəbərdarlıq etməsini təsdiq etməmişdir".
 
 

Google+ WhatsApp ok.ru