Vəzifəlilik, yetkinlik və onun şərtləri

Vəzifəlilik, yetkinlik və onun şərtləri

Allaha doğru - 11

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

İbadət edən şəxsin hansı şəraitdə olmasını bilmək zərurətdir.

Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır. Çünki insan ilahi hökmləri yerinə yetirmək və məsuliyyət qəbul etmək ləyaqəti qazanmış olur! İnsanlar, onların məsuliyyətini öhdələrinə götürən dövlət başçısı, millət vəkili və yaxud səfir seçilən şəxsləri təbrik etdikləri kimi, yetkinlik yaşına çatmaq və Allah tərəfindən məsuliyyət qəbul etmək də mübarək gündür.

Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:

1. Yetkinlik (büluğ həddi)

Oğlanlar hicri-qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.[1] Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə, yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mənasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim məsum imam olan əmisinə deyir: Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.

“İqtisadi yetkinlik” dedikdə, insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qurani-Kərimdə buyurulur ki, yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”[2]

“İzdivac yetkinliyi” dedikdə, oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı, yaşayışı idarə edib, məsuliyyətli olması başa düşülür. Çünki bu məsuliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.

Bir neçə xatırlatma:

1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qurani-Kərimdə bəzən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilir ki, icazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.[3] Həzrət Loğman övladına belə göstəriş verir: Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.”[4]

2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini ayinlər və mərasimlərlə, xüsusilə, namaz və orucla tanış etməlidirlər. Bəzən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, tənbehlərdən belə istifadə edə bilərlər.

3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkinlik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.

4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib pis əməllərə yol versələr, tənbeh olunacaqlar.

2. Qüvvə bacarıq

Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-Taala buyurur: Biz heç kəsə gücündən artıq tapşırmırıq.”[5] Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”[6] Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.

Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: “(Cihada getməməyə görə) kora, topala-şilə, bir xəstəyə günah gəlməz.”[7]

3. İxtiyar

Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yəni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan başqa yeməyə heç bir şey tapmır.

4. Ağıl

Ağıl və şüur insanın dəyəri və vəzifəlilik meyarıdır. Hesab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bəzi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında (“Üsuli-kafi”, “Vafi” və “Biharul-ənvar” kimi) əql mövzusu başqa mövzulardan öndə gəlir.

İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, təlim, mütaliə, səfər, məşvərət və... (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.23-26.)

Maide.Az



[1] “Tozihul-məsail”də bu barədə geniş izah verilmişdir.

[2] “Nisa” surəsi, ayə 6.

[3] Bax: “Nur” surəsi, ayə 58.

[4] “Loğman” surəsi, ayə 17.

[5] “Ənam” surəsi, ayə 152.

[6] “Həcc” surəsi, ayə 78.

[7] “Fəth” surəsi, ayə 17.

 

Google+ WhatsApp ok.ru