Vətən müharibəsi iştirakçısının səhhəti pisləşib

Vətən müharibəsi iştirakçısının səhhəti pisləşib

Vətən müharibəsi iştirakçısı Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Zeynal Şahhüseynlinin səhhəti pisləşib.
 
Maide.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Z. Şahhüseynlinin atası Fizuli Şahhüseynli məlumat verib. O bildirib ki, oğlu müharibədə beyin damarından kontuziya alıb: “Buna görə də əvvəl Füzuli hospitalında müalicə alıb. Daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında yatıb. Poliklinikadan buraxıldıqdan sonra ev şəraitində müalicə alırdı. Ona hələlik qazi statusu verilməyib. Sol tərəfində keyləşmə gedirdi".
 
O qeyd edib ki, oğlu indi Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında müalicə alır: "İyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. İndi oğlum Lənkəran Şəhər Mərkəzi Xəstəxanasındadır. Həkimlər onun sağlamlığı üçün mübarizə aparırlar. Əllərindən gələni edirlər. Amma buradakı müalicə deyil. Buradakı həkimlərin bakıdakılarla məsləhətləşmələrindən sonra qərara gəlindi ki, onun paytaxta aparılması mümkün deyil. Ona görə burada saxlanılıb. Hazırda cihazlara bağlıdır. Gözləyirlər ki, vəziyyəti normallaşsın. Ondan sonra köçürülmə ola bilər. Hələlik gözləmədəyik".
 
“Qafqazinfo” Z. Şahhüseynlinin səhhətiylə bağlı Lənkəran Mərkəzi Xəstəxanasıyla əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, Zeynal Şahhüseynlinin halı dünən qəfildən  pisləşib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: “Dünən KT olunub, nəticələri barədə Neyrocərrahiyə Mərkəzinin reanimatoloqu və neyrocərrahı ilə danışılıb. Xəstənin bir yerdən digər yerə köçürülməsi tövsiyə olunmur. Ona simptomatik müalicə lazımdır. Hazırda xəstəxananın həkimləri müalicəsi ilə məşğul olurlar”.
 

Google+ WhatsApp ok.ru