Vaşinqton Bakını hüquq müdafiəçilərini dərhal azad etməyə çağırır

ABŞ-ın ATƏT-dəki missiya rəhbərindən rəsmi Bakıya ciddi çağırışlar edib. Bu barrədə Azadlıq qəzetə xəbər verir.ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Harri Robbinson qurumun Daimi Şurasının avqustun 14-də Vyanada keçirilən iclasında Azərbaycandakı həbslərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Biz Azərbaycan hökumətini vətəndaş cəmiyyəti fəallarının təqibini dayandırmağa, həbs olunanları azadlığa buraxmağa, təşkilatların və fiziki şəxslərin bank hesablarına qoyulan həbsləri aradan qaldırmağa çağırırıq.

Biz məşhur hüquq müdafiəçisi Leyla Yunusu və onun əri Arif Yunusu insani hisləri rəhbər tutaraq, dərhal azad etməyə çağırırıq. Onların hər ikisi ciddi xəstəliklərdən əziyyət çəkir.

Onlardan başqa, son həftələr ərzində tanınmış vəkil İntiqam Əliyev, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov kimi QHT fəalları həbs olunub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə həbs təhlükəsi ilə üz-üzədir.

Bunlar bizi narahat edən olduqca çoxsaylı faktlardan sadəcə, bir neçəsidir.

Biz Azərbaycan hökumətini qanunun aliliyi prinsipinə və insan haqlarına hörmət etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibi dayandırmağa çağırırıq.
Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət imkanları getdikcə daha çox məhdudlaşdırılır. Bu, ABŞ-ın bir neçə tərəfdaşı da daxil olmaqla, vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi üçün ciddi sıxıntılar doğurmaqdadır.

Biz Azərbaycan hakimiyyətini vətəndaşların hüquqlarını təmin etməyə, onların öz fikirlərini ifadə etməsinin qarşısını almamağa, eyni zamanda insan haqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə səsləyirik. Bu, azərbayvcanlıların ölkədə davamlı sabitlik naminə bütün imkanlarından yararlanmasına müsbət təsir göstərərdi.

ABŞ-ın ən yaxın müttəfiqləri qanunun aliliyini, insan haqlarını qoruyan və ədaləti təmin edən demokratik ölkələrdir. Bu, həm də rifah və sabitlik arzulayan bütün ölkələr üçün zəruridir”.

HƏM QANUNU GÖZLƏMƏLİ, HƏM DƏ QHT-LƏRİ QORUMALI...

       Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev haqlarında cinayət işi açılan və bank hesablarına həbs qoyulan QHT-lərin məsələsinə toxunub. «Bizim yol» qəzeti yazır ki, A.Quliyev QHT-lərin hesablarının dondurulmasının cinayət işləri ilə əlaqədar olduğunu deyib:

   «Açılan cinayət işləriylə bağlı istintaq aparmaq üçün məhkəmənin istənilən hesaba  həbs  qoymaq səlahiyyəti var. Cinayət işləri, həbslərlə bağlı məsələlər tam  aydınlaşandan sonra bu  çətinliklər aradan qalxacaq. İstintaq qrupunun şübhələndiyi  kimi, bu təşkilatların müəyyən  qanun pozuntuları sübut olunacaqsa, yaxud istintaq  orqanının şübhəsi özünü  doğruldacaqsa, o təşkilatlarla bağlı qanunvericilik  çərçivəsində ölçü götürüləcək. Onların  bank əməliyyatlarını dondurulması layihələrinə    mənfi təsir edir. Şura hüquq-mühafizə  orqanlarından xahiş edib ki, bu məsələni kifayət qədər şəffaf, aşkar şəkildə aparsınlar, qısa müddətdə bu prosesə aydınlıq gətirsinlər, elə etsinlər ki, QHT-lər haqsız, əsassız yerə zərər çəkməsin. Yəni biz burada həm qanunu gözləməli, həm də QHT-lərə lüzumsuz müdaxilənin qarşısını almağa çalışmalıyıq».

              AZƏRBAYCAN PAKİSTAN VƏ İSRAİLDƏN SİLAH ALIR

«Silah alan ölkə istər-istəməz silah satan ölkədən asılı vəziyyətə düşür. Azərbaycan təkcə Rusiyadan silah almır. Bu isə doğru yanaşmadır. Azərbaycan hazırda Pakistandan, İsraildən də silah alır».

Bunu politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə ABŞ-ın qlobal kəşfiyyat şirkətinin prezidentlərin Soçi görüşü haqqında fikirlərini şərh edərkən deyib. Rusiyanın Azərbaycanı təsir altına almaq üçün atdığı addımların bir səmərə verəcəyinə inanmayan V.Quluzadə düşünür ki, Rusiya hazırda özü gərgin durumdadır. Amma o hesab edir ki, Rusiyanın son təşəbbüslərində sevindirici məqamlar da var:

   «Baş verənlər göstərir ki, Rusiya artıq 20-ci illərdə olduğu kimi, Azərbaycanı güc,  qoşun yolu ilə ram etməyə çalışmır. Artıq Rusiya bu istiqamətdə iqtisadi gücündən,  diplomatik imkanlarından istifadə edir. Bu addımlar isə Rusiya zəif olduğundan bir  nəticə verməyəcək».

   QƏRBDƏ SÖZ AZADLIĞI POZULUR

      «Azərbaycan»  qəzeti «Qərb demokratiyasının iç üzü» adlı məqalə dərc edib.

Məqalədə deyilir ki, söz, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması Avropa ölkələrində geniş yayılmış praktikaya çevrilib:

«Məsələn, İsveçrə federal məhkəməsi Ali Mercan, Hasan Kemal, Etem Hayal adlı üç türkü 150 günlüyə həbs etmiş və 30 min İsveçrə frankı həcmində cərimələmişdi. Onların günahları isə o olmuşdu ki, «erməni soyqırımı»nın beynəlxalq yalan olduğunu söyləmişdilər. 2014-cü il avqustun 14-də Hollandiya Ədliyyə və Təhlükəsizlik Nazirliyində məmur kimi çalışan Yasmina Haifi İŞİD-lə bəzi ölkələrin əlaqələri haqqında «tweet» yazdığına görə işdən qovulub... Tez-tez iddia olunur ki, Azərbaycan hökuməti guya söz azadlığını məhdudlaşdırır və mətbuatın özünüsenzurasını stimullaşdırır. Amma 2005-ci ildə «New York Times»ın 57 yaşlı əməkdaşı Judith Miller  MKİ-nin keçmiş əməkdaşı Valerie Plame haqqında məlumat dərc etdikdən dərhal sonra mənbəni göstərməkdən imtina etdiyinə görə həbs olunmuşdu. Yalnız ABŞ vitse-prezidenti Dick Cheney-nin işlər müdiri Lewis Libby mənbənin özü olduğunu etiraf etdikdən sonra jurnalist azad olunmuşdu...». azadliq.org  /

Google+ WhatsApp ok.ru