Valideynlərin məktəb dərdi

Bir şagird üçün məktəbli bazarlığı neçəyə başa gəlir?

Yeni dərs ili həm də valideynlərin qayğılı günlərinin başlaması deməkdir. Bu qayğı və narahatlıq hələ avqustdan daha da artıb. Çünki sentyabrın əvvəllərində yeni dərs ili ilə əlaqədar daha da bahalaşan məktəb ləvazimatlarını valideynlər erkən almağa çalışıb. Tədris ilinin başlanmasına cəmi bir gün qalsa da, qiymətlər hələ də düşmək bilmir.
 
Ailələrin maddi-sosial durumu eyni olmadığı kimi, ailələrdə məktəbyaşlı uşaqların sayı da müxtəlifdir. Bir ailədə iki-üç övladı məktəbli olanların vəziyyəti isə lap çətindir. Çünki  məktəb üçün lazım olan ləvazimatların qiymətilə əksər valideynlərin aylıq gəliri uyğun gəlmir. Nəticədə yeni dərs ilinin başlanması bəzi ailələr üçün az qala, fəlakətə çevrilib.
 
Yeri gəlmişkən, keçən illə müqayisədə məktəb ləvazimatlarının qiyməti də çox bahalaşıb. Doğrudur, ötən illərdə aşağı siniflərin formaları ölçüsündən asılı olaraq 30-35 manata, yuxarı siniflərinki isə 40-45 manata satılırdı. Bu il isə Bakı Tikiş Evi ümumi qiymət tətbiq edib. Nəticədə indi ölçüdən asılı olmayaraq, aşağı siniflər üçün forma 34, yuxarı siniflər üçünsə 43 manat təşkil edir.
 
Manatın məlum devalvasiyasından sonra əksər məhsulların qiymətində artım olub. Bundan istifadə edən işbazlar məktəb üçün lazım olan əşyaların qiymətini də bahalaşdırıblar. Məsələn, keçən il 4 manat 50 qəpik olan bir kitab bu il 7 manatadır.
 
Orta məktəblərin hamısının dərsliklərlə təmin olunduğu bəyan edilsə də, valideynlər il uzunu müəllimin şagirdə tapşırdığı kitabları almaqla məşğul olur. Bu mənada, təkcə bir övladını məktəbə göndərən valideynin nə qədər pul xərclədiyini təsəvvür etmək üçün pərakəndə satışla məşğul olan ticarət obyektlərinin qiymət diqtəsinə diqqət yetirək.
 
Keçən il 40 manata olan keyfiyyətli çantanın qiyməti bu il 65-70 manat, bəzən hətta 190, 200 manata qədər qaldırılıb. Bahalaşmanın daha çox elə çantalarda, ayaqqabı və köynəklərdə olduğu diqqət çəkir. Keçən il 10 manata olan ağ köynəklər indi 12-15 manat arasında dəyişir. Qismən keyfiyyətli məktəbli ayaqqabısı isə ən azı, 25 manatdan başlayır.
 
Paytaxtda ən çox məktəb ləvazimatı satılan məkan sayılan “28 May” metrostansiyasının ətrafındakı mağazalarda keyfiyyətindən və istehsal olunduğu firmadan asılı olaraq, məhsullar ucuz və baha qiymətə təklif olunur. Yəni valideynin büdcəsinə uyğun olaraq, qiymətlər dəyişir. Hamının üz tuta bilmədiyi brend mağazalarda isə vəziyyət tam başqadır.
 
“Nil” mağazalar şəbəkəsində ən bahalı “Benetton” çantasının qiyməti 149 manat 50 qəpik, “Dönməzlər” çantasının qiyməti isə 116,90 manatdır. Mağazada “Alfa” istehsalı olan dəftərlərin qiyməti 1 manat 30 qəpikdir, həmçinin 90 qəpiyə təklif olunan dəftərlər də var. Rəsm albomlarının qiyməti 2 manatdan 3 manat 40 qəpik, 4 manat 60 qəpik arasında, bahalı karandaşların qiyməti 7-10, 15-18 manat arasında dəyişir. Ən bahalı karandaşlar Almaniya və Türkiyə istehsalıdır.
 
Pozanların qiyməti də az deyil – 1-3 manat. Adi satışda yapışqan 1 manat 20 qəpiyə, karandaşyonan isə 60-40 qəpiyə təklif edilir…
 
Bu hələ bir neçə mağazadan təqdim etdiyimiz qiymətlərdir. Hər valideynin gəlirləri və xərcləri müxtəlif olduğundan qiymətlər də ona uyğun dəyişir. Bir sözlə, məktəbli övladları olan valideynlər dərs ilinin başlanmasıyla əlaqədar ailə büdcəsinin yetərli bir hissəsini xərcləməyə məcburdur.(Azadlıq)

Google+ WhatsApp ok.ru