Valyuta axınında 20 faizlik rüsum nələrə təsir edəcək?

Samir Əliyev: `Bu qərarın yeganə səbəbi ölkədən kapital axınının qarşısını almaqdır`

“Valyuta tənzimi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik ölkə üçün ciddi problemlər yarada bilər. Qanuna edilən dəyişikliklər ölkədən xaricə pul köçürmələrinə icbari yığımların tətbiqi ilə bağlıdır. Daha doğrusu, ölkədən kənara edilən istənilən pul köçürməsindən 20 faizə yaxını icbari yığım kimi tutulacaq. Yəni ölkədən çıxarılan 50 mindən artıq vəsait vergiyə cəlb olunacaq. Düzdür, burada bir sıra istisnalar var. Amma qanun xarici investorlar üçün əlverişsiz şərait yaradır.
 
“Global Financial Integrity” (GFI) hesabatına görə, Azərbaycandan ildə adambaşına 1010 dollar çıxarılır. Müqayisə üçün, Rusiyadan ildə adamaaşına 729 dollar, Çindən isə 107 dollar çıxarılır. Qazaxıstandan ildə adambaşına 946 dollar, Belarusdan 929 dollar, Ukraynadan isə 274 dollar çıxarılır.
 
Bəs, bu qadağa qeyri-qanuni fəaliyyətə yol aça, vergidən yayınmaq üçün bəzi sahibkarların vəsaiti başqa formada ölkədən çıxarması geniş vüsət ala bilərmi?
 
İqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, həmişə addımlar gec atılanda həm əvvəlki effekti vermir, həm də daha sərt olur. S.Əliyevin sözlərinə görə, ölkədən böyük həcmdə pulun çıxarılmasının qarşısı əvvəlcədən alınmalı idi: “Bu qərarın yeganə səbəbi ölkədən kapital axınının qarşısını almaqdır. Ölkədən kapital axını neftdən sonra manat üçün təhlükə yaradan ikinci faktordur. Ölkədən kapital axınının qarşısını almaq lazımdır. Belə böhranlı şəraitdə hökumətlər inzibati qadağalar tətbiq edirlər. Çünki ölkədə dollar çatışmır və dollar qıtlığı əmələ gəlib. Valyutadəyişmə məntəqələrinin ləğv olunmasının bir səbəbi də ölkədən dollar çıxarılmasının qarşısının alınması idi. Çünki valyutadəyişmə məntəqələrindən dollarlar banklara daxil olmadan ölkədən çıxarıla bilirdi. Görünür, vəziyyət çox kritikdir ki, bu cür addım atılır. Sırf xaricə investisiya yatırmaq istəyən yerli şirkət 50 mindən yuxarı vəsait çıxardığı təqdirdə 20 faiz vergi ödəməlidir. Amma bu qərar dövlət şirkətlərinə aid deyil. Deməli, SOCAR-ın timsalında yerli şirkətlər xaricə investisiya yatıra bilər”.
 
İnzibati addımların tərəfdarı olmayan S.Əliyev vurğuladı ki, hökumət addımlarını sırf iqtisadi metodlarla həyata keçirsə, daha yaxşı olar. “Kapital axını təkcə ölkədən çıxarılan valyuta deyil. Əgər bu gün vətəndaş manatı dollara çevirərək evində saxlayırsa, bu da kapital axını sayılır. Ona görə hökumət ölkədən kapital axınını sərt formada almamalıdır. Eyni zamanda çalışmalıdır ki, ölkəyə dollarlar daxil olsun. Bunun üçün də ixrac istiqamətində addımlar atmalıdır. Çünki bazar iqtisadiyyatında bu cür addımlar investisiya gəlişində problem yaradır”, deyə S.Əliyev vurğuladı.

Google+ WhatsApp ok.ru