Valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv olundu

6 min iş yeri bağlandı; Mərkəzi Bankın dollar satmamasının səbəbləri- əhali aldadılır...

Ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlanıb. Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Yanvarın 13-də onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub. 
“Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıq prospektindədir. Ümumilikdə 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı ”exchange"lər yaradırlar" - deyə, Amil Mürvətov adlı şəxs bildirib. Gün boyu paytaxtdakı bütün “exchange”lər bağlı olub. 
 
Bildirilir ki, bankları şöbələrindən və filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlayırlar. Belə göstəriş valyutadəyişmə məntəqələrinə bankların rəhbərlikləri tərəfindən daxil olub. 
 
Qeyd edək ki, bir neçə gündür ölkədə dollar ajiotajı güclənib. Valyutadəyişmə məntəqələri əhaliyə dollar satmaqdan imtina edir. Ekspertlər isə səbəb kimi Mərkəzi Bankın yanlış addımlarını göstərirlər. Hətta ciddi ehtimallar var ki, Mərkəzi Bankın elan etdiyi qədər dolları olmadığından satışı dayandırıb. Ancaq vəziyyəti izah etmədən, vətəndaşları aldadır.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, dollar əslində bahadır və Mərkəzi Bank bunu elan etməkdən qorxur: “Əgər rəsmi rəqəmlərə inansaq, Mərkəzi Bankın hazırda 6 milyard valyuta ehtiyacı var. Belə çıxır ki, onda Mərkəzi Bank valyuta ehtiyatlarını itirməmək üçün banklara sadəcə dollar satmır. Banklar da sata bilmir, çünki dolları yoxdur. Amma bu, eyni zamanda o deməkdir ki, dolların Mərkəzi Bank tərəfindən elan olunan rəsmi məzənnəsi əslində reallığa cavab vermir. Manatın faktiki devalvasiya göstəricisi çoxdur.
 
 
Amma Mərkəzi Bank bunu etiraf etmək istəmir. Çünki o, doğrudan da dollar satmağa başlasa, dolları çox baha satmalıdır. O da bunu etiraf etmək istəmir, hamını aldadır. Və nəticədə hətta banklar da vəziyyəti başa düşür və əlində olan dolları da satmır. Başa düşürlər ki, əslində dollar bahalaşıb. Buna görə də heç kəs dollarından məhrum olmaq istəmir. Əslində Mərkəzi Bankın rəsmi məzənnəsi o deməkdir ki, həmin məzənnə ilə banklara istənilən qədər dollar satmağa hazırdır. Tutaq ki, mən çıxıb evimin qiymətini deyirəm. Bu, o deməkdir ki, kim gəlsə, o qiymətə evimi satacam. Mərkəzi Bank isə deyir ki, dolların qiyməti bu qədərdir, 1 manat 56 qəpikdir. Amma satmır. Məndə başqa şübhələr də var. Ehtimal var ki, milli valyuta Mərkəzi Bank tərəfindən elan ediləndən əslində dövriyyədə çoxdur. Dövriyyədə qeyri-rəsmi çap olunmuş və dövriyyəyə buraxılmış milli valyuta var. Başqa şübhəm də odur ki, bəlkə Mərkəzi Bankın heç o 6 milyardı da yoxdur. 
 
 
Mərkəzi Bank hamını aldadır, sadəcə, 6 milyardı yoxdur. Elan edib, göstərib, ancaq dollar sata bilmir. Çünki elan edir ki, bu dəqiqə dövriyyədə olan milli valyutanın həcmi 6 milyarddır. Mərkəzi Bank elan edir ki, altı milyard 730 milyon manat var. Amma deyir ki, özünün valyuta ehtiyatı 6 milyard 245 milyon dollardır. Dolları manat ekvivalentində, indiki məzənnə ilə vursaq, 9 milyard 794 milyon manat edir. Yəni 9 milyard 794 milyon ekvivalentində dollar var. Amma dövriyyədə olan milli valyuta 6 milyard 730 milyondur. Yəni 3 milyard artıq qalır hələ. Yəni sənin bu qədər dolların varsa, nədən qorxursan? Dövriyyədə manat azdır artıq. Səndə isə dollar çoxdur. Deməli, hətta bütün manatları da sənə versələr, yenə sənin dolların qalacaq. Buradan belə nəticə çıxır ki, ya dövriyyədə milli valyuta çoxdur, ya da Mərkəzi Bankın elan etdiyi qədər dolları yoxdur".musavat/
 

Google+ WhatsApp ok.ru