Valyutadəyişmə məntəqələrini niyə bağlamışdılar, niyə açırlar?

Valyutadəyişmə məntəqələrini niyə bağlamışdılar, niyə açırlar?

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədilə “Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür.
 
Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir.
 
Qısası, iki il öncə ləğv olunan valyutadəyişmə məntəqələri yenidən bərpa olunur.
 
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, əslində ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bankların qeyri-rəsmi şöbələri idi. Ancaqonların faktiki rəhbərliyi banklar deyildi. Ekspert deyir ki, manatın sabit olduğu dövrdə heç bir problem yaranmırdı.
 
Əkrəm Həsənov bildirir ki, devalvasiyadan sonra valyutadəyişmə məntəqələri qara bazar kimi fəaliyyət göstərməyə başladı. Ekspert deyir ki, Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı ölçü götürə bilmədiyi üçün məcbur olub onları birdəfəlik bağladı. Əkrəm Həsənov qeyd edir ki, bu ilin əvvəlindən marja tələbi aradan qaldırıldığından artıq valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi üçün heç bir təhlükə yoxdur.
 
İqtisadçı ekspert Natiq Cəfərli valyutadəyişmə məntəqələrinin bağlanması haqda qərar verilərkən əsas götürülən arqumentləri yada salır. Onun sözlərinə görə həmin vaxt deyirdilər ki, valyuta bazarında ciddi ajiotaj yaranıb və bunun səbəbi valyutadəyişmə məntəqələridir ki, kəskin məzənnə oynamaları ilə iqtisadi oyunçuları çaşdırırlar. Ekspert deyir ki, əslində səbəblər tamam fərqli idi. Onun sözlərinə görə məntəqələrin bağlanması əks effekt verdi və qara bazarın yaranmasına səbəb oldu.
 
Natiq Cəfərli bildirir ki, bunun əks effekt verdiyini anlayan hökumət yenidən onların bərpasına çalışır. Ekspert bildirir ki, bu sahədə fəaliyyət göstərəcək məntəqələrə müdaxilələr olsa bu addım da effekt verməyə bilər.
  
İqtisadçı ekspert Vüqar Bayramov valyutadəyişmə məntəqələri bağlanan zaman bu addımın doğru olmadığını dediyini xatırlayır. Onun sözlərinə görə məntəqələrin bağlanması həm qara bazarın yaranmasına şərait yaratdı, həm də banklar arasında fəaliyyəti xeyli zəiflətdi.
 
Ekspert bildirir ki, bu addım nəticəsində həmin məntəqələrdə çalışan 6 minə yaxın insan da işsiz qaldı. Vüqar Bayramov deyir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi vacib addımdır. Ekspertin fikrincə bu həm rəqabəti gücləndirəcək, həm də münasib məzənnə ilə valyuta alış-satışına təsir edəcək. (azadliqradiosu) /

Google+ WhatsApp ok.ru