Velosipedçilər mobil telefonla danışa bilməyəcək

Velosipedçilər mobil telefonla danışa bilməyəcək

Hollandiyada velosipedçilərə mobil telefondan istifadə qadağan ediləcək.
 
Velosipedlərin sayının əhalinin sayından çox olduğu ölkədə hökumət yollarda təhlükəsizliyi təmin etməkdən ötrü bu addımı atmaq qərarına gəlib.
 
Mobil telefondan istifadə qadağasının velosipedçilərə də aid edilməsi haqda qanunun gələn ilin iyulunda qüvvəyə minəcəyi gözlənilir.
 
2002-ci ildə qəbul edilmiş köhnə qanuna görə, avtomobil və yük maşını sürücüləri sükan arxasında mobil telefondan yalnız əl dəymədən istifadə edə bilərlər. Bundan sonra istənilən nəqliyyat vasitəsini, o cümlədən velosiped sürərkən hər hansı mobil elektron cihazdan istifadə qadağan ediləcək.
 
17 milyon adam və 22.5 milyon velosiped
 
Niderlandın nəqliyyat naziri Korneliya van Nivenheyzen deyib ki, sosial media və limitsiz mobil internetin çiçəkləndiyi dövrdə insanların smartfonlardan istifadəsi və buna sərf etdiyi vaxtın həcmi dəyişdiyinə görə bu addım zəruridir.
 
Nivenheyzenin sözlərinə görə, 2002-ci ildə qəbul olunan qanunun velosipedçilərə şamil edilməməsi onların daha aşağı sürətlə hərəkət etməsi ilə bağlıdır.
 
«Ancaq əslində, velosipedlə gedərkən mobil telefondan istifadə maşında istifadə qədər təhlükəlidir. Məsələ burasındadır ki, yolda olanda tam diqqətli olmalısınız və telefonda qətiyyən heç nə etməməlisiniz», – nazir deyib.
 
Nazir əlavə edib ki, son zamanlar elektriklə çalışan velosipedlərin populyarlığının artması velosipedlərin orta sürətinin artması deməkdir. Nəticədə ölkənin velosiped yolları və cığırlarında hərəkət daha da sıxlaşıb.
 
Hollandiyada velosiped yollarının ümumi uzunluğu 35 min kilometrdən artıqdır.
 
Niderlandda velosipedlərin sayı insanların sayından çoxdur. Ölkə əhalisinin sayı 17 milyon, ölkədəki velosipedlərin sayı isə 22.5 milyondur. Əhalinin 1/4-nə qədəri hər gün velosiped sürür.
 
Velosipedlərdən istifadənin həcmi 2005-ci ildən bəri 12% artıb. Hazırda orta statistik niderlandlı velosipedçi il ərzində 250-300 dəfə velosipedlə yola çıxır və ildə 965 kilometrdən artıq yol gedir.
 
Velosipedçilərin yaxınlığında gedərkən mobil telefonlardan istifadə edən piyadalar da risk qarşısında qalırlar. Ötən il Niderlandın Bodeqraven şəhəri yollara ayaq səviyyəsində svetoforlar yerləşdirib. Məqsəd yollarda və velosiped cığırlarında gəzən piyadaların gözlərini telefonun ekranına zilləməsinin qarşısını almaqdır.
 
Araşdırmalar göstərir ki, mobil telefonlara görə baş vermiş qəzalarda təcili yardıma ehtiyacı olan velosipedçilərin sayı çox yüksək olmasa da, daha yüngül qəzaların sayı artmaqdadır. Belə qəzalara xüsusilə də gənclər arasında daha çox rastlanır.
 
206 velosipedçi həlak olub
Hesablamalara görə, ötən il 12-25 yaşlı insanların başına gələn hər 5 yol qəzasından 1-ində smartfonlardan istifadə qeydə alınıb. Niderlandın Mərkəzi Statistika Bürosunun (CBS) məlumatına görə, 2017-ci ildə ümumilikdə 206 velosipedçi yol qəzasında həlak olub. Bu say 2016-cı ildəkindən 17 qəza artıqdır.
 
Keçirilən bir rəy sorğusunun nəticələrinə görə, hollandların 75%-i hesab edir ki, mobildən aktiv istifadə – zəng vurmaq, mesaj yazmaq, internetdən musiqi endirmək, sosial mediadan və ya mobil əlavələrdən istifadə etmək tamamilə yasaqlanmalıdır. Rəyi soruşulanların çoxu velosipedçilər və smartfonların da olduğu təhlükəli vəziyyətlərin şahidi olduğunu deyib.
 
13 yaşlı oğlu Tommi-Boy velosiped qəzasında həlak olan Mixael Kulkens uzun zamandan bəri bu qadağanın qoyulması üçün kampaniya aparıb. Uşaq velosipedlə gedə-gedə telefonunda bacısının ad günü üçün pley-list hazırlayırmış. Kulkens qanun layihəsinin irəli sürülməsindən razılıq ifadə edib.
 
«Mən radioda qadağa xəbərini eşidəndə maşınımı yolun kənarında saxlamalı oldum və gözlərim yaşla doldu. Ürəyimdə dedim ki, «Tommi-Boy, biz bunu bacardıq. Biz bacardıq», – o, «De Telegraaf» qəzetinə deyib./azadliq.org /
 

Google+ WhatsApp ok.ru