ÖVLADLARINIZI EVLƏNDİRİN...

Mirməhəmməd Bəşir

ÖVLADLARINIZI EVLƏNDİRİN...


Valideynlərin övladın üzərində haqqı olduğu kimi, övladların da valideynlərin üzərində haqqı vardır. İslam Peyğəmbəri (s) bu hüquqların ən önəmlisini üç cümlədə bəyan etmişdir ki, onlardan biri də övladın evləndirilməsidir. («Biharul-ənvar», Əllamə Məclisi, 74/8.)

Yəni atanın övladı qarşısında vəzifəsi budur ki, övlad yetkinlik həddinə çatdıqdan sonra onu evləndirsin. Əgər imkanı olduğu halda övladını evləndirməyən valideyn Allah yanında günahkar hesab olunur və əgər bunun nəticəsində övlad günaha düşərsə, həmin günah atanın da əməl dəftərinə yazılacaqdır.

İndi isə diqqətinizi bir məktubun suallarına yönəldirəm və xahiş edirəm ki, bu məktubdakı sualları və verilən cavabları diqqətlə mütaliə edib düşünəsiniz:

* "...Bu məktubu yazmaqda hədəfim suallarıma düzgün cavab alıb atama göstərmək və onu doğru addım atmağa vadar etməkdir...

1. Ata-ananın övladlarının evlənməsinə qarışmaq hüququ var, ya yox?

2. Mən otuz yaşına dolmuş bir gəncəm, amma atam hələ də məni evləndirmək istəmir və deyir ki, qocalsan da, mən deyən qızı almasan, səni evləndirməyəcəyəm!

Amma mən həmin qızı istəmirəm. Sizin fikrinizcə, mənim istədiyim qızla evlənəmək haqqım yoxdur və əgər haqqım varsa, hansı haqla mənə mane olurlar? Mənim vəzifəm nədir?

3. Bu camaatdan heç soruşmurlar ki, nə üçün elçilərdən həddən artıq çox, güc çatılmayan başlıqlar istəyirlər? Bununla bais olurlar ki, qızları ərə getməyib 30-35 yaşlarına qədər evdə otursunlar və onları alan olmasın.

4. Axı, nə üçün elçilik, toy mərasimlərində həddindən artıq ifrata yol verib yersiz, lazımsız xərclər çəkir, guya, cah-cəlallı toy keçirtmək istəyirlər? Amma əslində bunlar səbəb olur ki, gənclər evlənmək fikrindən vaz keçsin və ya toydan illər sonar da borc və kredit ödəsinlər. Görəsən, ağıl və məntiqə uyğundur ki, bir günlük gəlin-bəy paltarı və gəlinin bərbəzəyindən ötrü külli miqdarda pul xərcləyib kirayə paltar və qızıllarla bəy-gəlin kürsüsündə oturasan?... Bir yaxşı-yaxşı düşünüb-daşının..."

Övlad ata-ananın qəlbinin meyvəsi və həyatının ən şirin məhsuludur. Ata-ana övladlarını öz varlıqları hesab edir və öz canlarından artıq sevirlər. Amma bütün valideynlər mühüm bir nöqtəyə diqqət etməlidirlər. O nöqtə budur ki, onlar övladlarına olan eşq və məhəbbətlərilə övladlarının müstəqil təfəkkür tərzini, mənlik və şəxsiyyətlərini itirməyə bais olmasınlar. Yəni valideynlər imkan verməlidirlər ki, gənc övladları həyatın enişli-yoxuşlu və keşməkeşli yollarında müstəqil addımlamağa adət etsinlər və həmişə ata-anaya bağlı olmasınlar. Valideynlər övladlarını sorğu-sualsız surətdə öz əmrlərinə tabe olmağa məcbur etməməlidirlər. Onlara azad düşüncə yürütməyə, müstəqil addım atmağa şərait yaratmalı və həmçinin onlara bu yolda kömək edib istiqamətləndirməlidirlər.

Evlənmək məsələsi də bu cür olmalıdır. Yəni övladın evlənməsində ata-ananın öhdəsinə düşən vəzifə budur ki, bu işdə onlara yol göstərib, öz məsləhətləri ilə kömək etsinlər. Əlbəttə, məsləhət və tövsiyələr icbar həddində olmamalıdır ki, gənclər özləri müstəqil, azad bir fikir və rəyə gələ bilsin.

Bu məsələdə övladın öhdəsinə düşən vəzifə isə ata-anaya təşəkkür etmək, ehtiram və xeyirxahlıq göstərməkdir. Onlar böyüklərin məsləhət və tövsiyələrini diqqətlə dinləməli, ağılla düşünüb-daşınmalı, keçici və ehtiraslı hisslərə qapılmamalı, çalışıb ən doğru seçimi etməlidirlər.

Valideynlər övladlarını məcburi surətdə öz seçdikləri qızla ailə həyatı qurmağa məcbur etməməlidirlər.

Sevimli Peyğəmbərimizin (s) sünnəsinə baxın və görün ki, qızına elçi gəldiyi zaman onunla necə rəftar edir və onun razılığını necə alır?

İmam Əli (ə) buyurmuşdur: “Mən Peyğəmbərin (s) qızı həzrət Zəhranın (s.ə.) elçiliyinə getdiyim zaman o həzrət mənə buyurdu: “Ya Əli (ə), bundan əvvəl də onun elçiliyinə gələnlər olub, lakin mən bu barədə ondan soruşduqda onun çöhrəsində narazılıq ifadələrini müşahidə etmişəm. Buna görə də, sən indi burada otur və bir az gözlə, mən isə gedib bu barədə ondan soruşum.”

Peyğəmbər (s) həzrət Fatimənin (s.ə.) yanına gedir və mənim elçiliyimi ona xəbər verib deyir: “Əli (ə) sənin barəndə söhbət açmışdır, fikrin nədir?”

Həzrət Fatimə (s.ə.) xoşhallıqla başını aşağı salıb sükut edir və əvvəlki elçilərdə olduğu kimi, mübarək üzündə tutqunluq və narazılıq əlamətləri görünmür.

Peyğəmbər (s) ayağa qalxıb təkbir deyir və buyurur: “Onun bu gülərüzlü sükutu razılıq əlamətidir.” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

Buna əsasən, valideynlər gənc oğul və qızlarını özlərinin razılığı olmadan kiminləsə evlənməyə məcbur etməməlidirlər.

İmam Sadiqin (ə) gənc səhabələrindən biri ona deyir: “Bir qadınla evlənmək istəyirəm, lakin valideynlərim məni başqa birisilə evləndirməkdə israrlıdırlar. Mənim vəzifəm nədir, mən hansı ilə evlənməliyəm?"

İmam Sadiq (ə) buyurdu: “Öz istədiyin qadınla evlən, valideynlərinin dediyi qadını alma!” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

Beləliklə, gənc qız və oğlanların vəzifəsi budur ki, evlənmələri haqqında ata-anaları ilə məsləhətləşməli, evlənmək istədikləri şəxslə valideynlərini tanış etməlidirlər. Əgər həqiqətən də öz seçimlərində yanılmayıblarsa, valideynlərinin razılığını almağa çalışmalı, bu mümkün olmadıqda da, yenə onlarla mehriban davranmalı və istədiyi ilə evlənib tənhalıq əzabından xilas olmalıdırlar. («Əxlaq dər xanevade», Seyid Əliəkbər Hüseyni.)

Google+ WhatsApp ok.ru