Övladlarınıza gözəl adlar qoyun

Valideynin ən həssas və ən  mühüm vəzifələrindən biri də uşağa ad  qoymaqdır. İnsanlar ad və soyadlarına görə tanınar. Adın yaxşılığı və gözəlliyi insanın şəxsiyyətinin göstəricisi ola bilər. Yaxşı ada və gözəl soyada sahibi olan şəxs hər yerdə alını açıqdır. Pis bir ada sahib olan şəxs isə həmişə utanc hissi keçirər. Pis ad insan üçün nöqsandır. Belə insanlar həmişə kompleksə qapılar. Bəzən də ədəbsiz şəxslər tərəfindən lağa qoyular. Bu alçaldılma kompleksi istər istəməz onun ruhunda mənfi təsirlər buraxar. Bunun üçün İslam, yaxşı ad seçməyi valideynin vəzifəsi və onların övladlarına ilk yaxşılığı hesab edir.
Həzrət Məhəmməd (s) belə buyurur: "Uşağına gözəl ad seçmək hər atanın vəzifəsidir. " 
 
Rəsulu Əkrəm (s) buyurur ki, uşağın, ata üzərində üç haqqı vardır:
 
1. Ona yaxşı bir ad seçməlidir.
2. Oxuma-yazmağı öyrətməlidir.
3. Həyat yoldaş tapmalıdır. " 
 
İmam Musa Kazim (ə) belə buyurur: "Atanın, övladına edə biləcəyi ilk yaxşılıq ona gözəl bir ad seçməsidir. " 
Şüurlu ata ilə ananın ad qoymasından, onların fikir və hədəflərini anlamaq mümkündür. Ata və ana əgər bir şairə qarşı simpatiyaları varsa uşaqları üçün onun adını seçərlər. Əgər elmə həvəsləri varsa, alimlərin adlarını seçərlər və əgər dindardırlarsa peyğəmbərlərin, imamların və dini öndərlərinin adlarını seçərlər.
 
Əgər din yolundakı fədakarlıq və zalımlar qarşısında mübarizə etməyə həvəslidirlərsə, Hüseyn, Əbəlfəzl, Abbas, Əli, Məhəmməd, Həsən, Əbuzər, Əmmar, Həmzə, Cəfər, Səid kimi fədakar şəxsiyyətlərin adlarını seçərlər.
 
Hər ata və ana, seçdiyi adla özünü və uşağını sevdiyi bir qrupa bağlamaqdadır. Bu ad bağlılığı ictimai fikirlərdə təsir buraxdığı kimi ümumiyyətlə ad sahibinin də düşüncə tərzində təsirsiz olmayacaq.
Rəsulullah (s) belə buyurur: "Yaxşı adlar seçin, çünki qiyamət günü sizə o adlarla xitab ediləcək və "ey filanın oğulu filan, qalx hidayət tapdığın nura doğru get və ey filanın oğulu filan, səni hidayət edəcək nurun olmadığı halda qalx" - deyiləcək. "
 
Biri, İmam Sadiqə (ə), "biz özümüzə ad seçəndə sizin və atalarınızın adlarını seçirik. Görəsən bu əməlin bizə bir faydası var?" - deyə soruşmasından sonra İmam, "Allaha and olsun ki, bəli. Görəsən, din yaxşılarla dostluq və pislərlə düşmənlikdən başqa bir şeydirmi?" - deyə buyurur. 
 
Şüurlu bir müsəlman heç zaman zalımlardan və ya İslam düşmənlərindən birinin adını övladına ad olaraq seçməz. O, bu adı qoymaqla, bir növ zülmü yaydığını anlayır.
İmam Məhəmməd Baqir (ə) buyurur: "Şeytan birinin Məhəmməd adı ilə çağırıldığını eşidincə narahatlıqdan əriyər və bir adamın, İslam düşmənlərindən birinin adıyla çağırıldığını eşidincə xoşbəxtlikdən coşar."
Rəsulullah (s) buyurur ki, “dörd oğulu olub onlardan heç birinə mənim adımı qoymayan şəxs, mənə zülm etmişdir."
 
İmam Məhəmməd Baqir (ə) buyurur: "Ən yaxşı və üstün adlar Peyğəmbərlərin adlarıdır."
 
Rəsulullah (s) ad qoyma mövzusuna o qədər əhəmiyyət verirmiş ki, əgər səhabələrindən və ya şəhərlərdən birinin adını bəyənməsəydi, dərhal onu dəyişdirərdi. Necə ki, Əbdüşşəms (günəşin qulu) adını Abdulvəhhabla əvəzlədi. Və Abdüluzzanı (bütün qulu) Abdullaha çevirdi. Əbdulharisi (Hərisin qulu) Əbdürrəhmana və Abdulkəbəni (Kəbənin qulu) Abdullahla əvəzlədi.

Google+ WhatsApp ok.ru