Vüsal Kərimli: 9 küçədə avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb

Vüsal Kərimli: 9 küçədə avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb

Paytaxtın 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb.
 
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
 
V.Kərimli qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli inkişafı, quruculuq-abadlıq işləri, qədim tarixi və mədəniyyət abidələrinin bərpası, yeni koloritli memarlıq nümunələrinin yaradılması, geniş miqyaslı infrastruktur layihələrinin reallaşdırılması, inzibati və yaşayış binalarının tikintisi, paytaxt Bakı şəhərində özünü daha qabarıq göstərir.
 
Bu gün dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxtımız müasir meqapolislərin əksər xarakterik cəhətlərini özündə cəmləşdirməklə yanaşı, mötəbər beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Cənab Prezident, Sizin apardığınız beynəlxalq siyasət ölkəmizə xarici qonaqların və turistlərin gəlməsini şərtləndirir”.
 
Agentlik rəhbəri bildirib ki, paytaxtımızın yeni görkəmi nəqliyyat sisteminin təkmilləşdirilməsi zərurətini gücləndirib, paytaxt sakinləri və qonaqlar üçün sərnişin daşınmasının keyfiyyətinin artırılmasını və şəhər nəqliyyatının səmərəli tənzimlənməsini labüd edib: “İnkişaf etmiş paytaxtımızda nəqliyyat sahəsində yeni çağırışlara cavab olaraq, 2015-ci ilin dekabrında müvafiq Fərmanınızla Bakı Nəqliyyat Agentliyi yaradılıb.
 
Agentliyin əsas fəaliyyət istiqamətləri Bakı şəhərinin ərazisində ictimai nəqliyyatın və taksi xidmətinin tənzimlənməsi, yol-tikinti layihələrinə razılıq verilməsi, yol nişanlarının və işıqforların quraşdırılması, yol hərəkəti iştirakçılarını yollardakı vəziyyət barədə məlumatlandırmaqdır. Bununla əlaqədar olaraq, fəaliyyətimiz yerli sosial-iqtisadi reallıq və dünya meqapolislərinin mütərəqqi təcrübəsi nəzərə alınaraq qurulub və işimizdə Sizin göstərişinizlə birinci Avropa Oyunları zamanı cəlb edilmiş beynəlxalq ekspertlərin təklif və tövsiyələrindən geniş istifadə olunub. Tapşırığınıza uyğun olaraq, ilk növbədə, Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarə olunması təhlil edilib”.
 
V.Kərimli vurğulayıb ki, ictimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb: “Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.
 
Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var”.
 
O əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: “Sizin təşəbbüsünüzlə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə, 450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir.
 
Agentliyin tabeliyində yaradılmış Sürücü Təlim Mərkəzində avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçirilməsinə başlanılıb. Təlimlərə yalnız yaşı, peşəkarlığı və sağlamlığı imkan verən sürücülər buraxılır. Təlimdə sürücülərə zəruri qanunvericilik, mədəni rəftar, psixoloji dərslər, avtobusda təhlükəsiz və ehtiyatlı idarəetmə üzrə təcrübi və nəzəri mövzular tədris olunur. Təlim keçmiş sürücülərin Agentliyin Vahid Məlumat Bazasına daxil edilməsi və daşıyıcılara məhz bu sürücülərin işə götürülməsi tövsiyə olunacaq”.
 
V.Kərimli bildirib ki, Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur: “Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-nin təşkili üzrə işlər aparılır”.
 
Agentliyin baş direktoru qeyd edib ki, Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür:
 
“Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib və nəqliyyat axının optimallaşdırılması üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək.
 
Bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb. Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır”.
 
Onun sözlərinə görə, paytaxtımızın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur: “Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir.
 
Eyni zamanda, şəhərin ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. 74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”.
 
V.Kərimli əlavə edib ki, əhalinin məlumatlandırılması məqsədi ilə ALO141.az multifunksional portalı üç dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib: “Veb-saytda “gediş planı” bölməsində istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün sadə üsullar təqdim edilir, piyada, avtobusla və ya metro ilə gedilən məsafə, dayanacaq sayı, şəxsi avtomobillə gedilən yol və sərf edilən vaxt göstərilir. Saytın “Avtobuslar” bölməsində istənilən marşrutun nömrəsini seçməklə, onun getdiyi yol, əsas dayanacaqlar və xəttin uzunluğu, “Yollarda vəziyyət” bölməsində paytaxt yollarındakı sıxlıq barədə məlumat almaq mümkündür. Gələcəkdə saytın mobil tətbiq etməsinin hazırlanması nəzərdə tutulur. Bundan başqa, Agentliyin 107.7 FM radiosu hər 30 dəqiqədən bir yollardakı vəziyyət barədə dinləyicilərə informasiya verir, maarifləndirici verilişlər isə nəqliyyatda qanuni və mədəni davranışa çağırışlar edir.
 
Cənab Prezident, qarşımızda qoyduğunuz tələbləri icra etmək üçün Agentliyin publik hüquqi şəxs statusunda Nizamnaməsinin təsdiq edilməsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Agentliyin balansına verilməsinin sürətləndirilməsi, Bakı şəhərinin nəqliyyat sisteminə və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir göstərən yol-təmir işlərinin Agentliklə razılaşdırılması, yol nişanlarının, işıqforların, avtobus və taksi dayanacaqlarının dislokasiyası və quraşdırılması, habelə mövcud işıqforların vahid mərkəzdə birləşdirilməsi və ya əlaqəli şəkildə idarə olunması müstəsna əhəmiyyət kəsb etdiyindən Sizin dəstəyinizə ehtiyac duyuruq.
 
İcazə verin, Sizi əmin edim ki, Bakı Nəqliyyat Agentliyinin kollektivi səlahiyyətləri çərçivəsində Bakı şəhəri əhalisinin və şəhərin qonaqlarının ictimai nəqliyyat ehtiyaclarının həllində öz səylərini əsirgəməyəcək və bu müşavirədə verəcəyiniz tapşırıqların icrasını təmin edəcək”.
 

Google+ WhatsApp ok.ru