Vurğun Əyyub: `Deputatlığa namizədliklə bağlı heç bir yerə müraciət etməmişəm, belə fikrim də yoxdur`

“Vəfa Cümşüdlü mənim barəmdə dediklərini əsaslandıracaq bir fakt göstərməyib, bunlar boş söz yığınıdır. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında nə dediyim mənim yaxşı yadımdadır. O vaxt da demişdim ki, seçkilərə müdaxilə olacaqsa, bunun nəticələri çox pis olacaq və zaman mənim dediklərimi təsdiq etdi”.
 
Maide.az xəbər verir ki, bunu  açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub Müsavatın Divan üzvü Vəfa Cümşüdlünün fikirlərinə münasibət bildirərkən deyib.
 
Qeyd edək ki, V. Cümşüdlü APA-ya açıqlamasında V. Əyyubun Müsavatdan kənarlaşdırılmasını zəruri sayıb: “Qubad İbadoğlu görünən tərəfdir, bütün proseslərin arxasında Vurğun Əyyub dayanır, o da partiyadan çıxarılmalıdır”.
 
V. Əyyub isə bu fikirlərin onu maraqlandırmadığını bildirib. O, partiyadan çıxarılması üçün heç bir əsasın olmadığını vurğulayıb: “Necə istəyirlər, elə də hərəkət etsinlər. Çünki bütün hallarda Müsavat Partiyasında qərarlar Nizamnamə tələbləri əsasında qəbul olunmur. Mənim Müsavat Partiyasından çıxarılmağım üçün heç bir əsas yoxdur. Nizamnamədən kənar qərar qəbul edib, məni partiyadan çıxaracaqlarsa, bu, partiyanın zərərinə işləyəcək. Hərçənd ki, mən inanmıram ki, Vəfa Cümşüdlünün dedikləri partiyanın Məclisi tərəfindən əsas kimi götürülsün”.
 
V. Əyyub Məclis üzvlüyündən çıxarılacağı barədə səsləndirilən fikirlərə və deputatlığa namizədliyi ilə bağlı yaranmış vəziyyətə də münasibətini açıqlayıb: “Sadəcə olaraq gülməlidir. Mən özümü Müsavat Məclisinin üzvü hesab etmədiyim halda, məni oradan necə çıxaracaqlar?! Parlamentə namizədlik məsələsinə gəlincə, mən bununla bağlı heç bir yerə müraciət etməmişəm, belə bir fikrim də yoxdur. Digər tərəfdən, Müsavat Partiyası rəhbər orqanlardan ibarət deyil. Hər hansı bir rəhbər orqanı prosedur pozuntularına görə qeyri-legitim hesab edirəmsə, bu, mənim parlament seçkilərində Müsavat Partiyasının üzvü kimi iştirakıma əngəl ola bilməz. Əgər bu adamlar şəxsi intiqam hisslərini söndürmək istəyirlərsə, buyursunlar, hansı qərarı istəyirlər, qəbul etsinlər”. 

Google+ WhatsApp ok.ru