Vurğun Əyyub: `Seçkilərdə namizədliyimi Müsavatın adından deyil, fərdi şəkildə verəcəyəm`

“Mənim Müsavat Partiyasındakı statusum hələ ki, aydın deyil, gah partiyadan çıxarırlar, gah da bərpa edirlər. Odur ki, parlament seçkilərində namizədliyimi Müsavatın adından deyil, fərdi şəkildə irəli sürəcəyəm”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.
 
O, parlament seçkilərində namizədliyini Suraxanı rayon 30 saylı seçki dairəsindən irəli sürəcəyini qeyd edib: “2005-ci ildə həmin dairədən namizədliyimi verdiyim üçün, oranı yaxşı tanıyıram. Eyni zamanda 2005-ci ildə seçkini praktik olaraq doğrultduğum üçün, bu dəfə də namizədliyimi Suraxanı rayon 30 saylı seçki dairəsindən irəli sürəcəyəm”.
 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya bildirib ki, Suraxanı rayon təşkilatı yeni bərpa edildiyindən, hazırda həmin dairədən 2 nəfər partiya üzvü namizədliyini irəli sürməyi düşünür: “Ancaq, bu məsələ yenidən müzakirə olunacaq və onlar öz aralarında razılaşacaq. Yekunda bir nəfərin namizədliyi təsdiqlənəcək”.
 
Xatırladaq ki, V. Əyyub Müsavat Partiyasından kənarlaşdırılıb. Lakın mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin V. Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Müsavat rəhbərliyi isə sözügedən qərarı doğru saymadığını və V. Əyyubun partiya üzvü olmadığını açıqlayıb.

Google+ WhatsApp ok.ru