VƏHDƏTİN MÜSBƏT TƏSİRİ, İXTİLAFIN ACI NƏTİCƏSİ

VƏHDƏTİN MÜSBƏT TƏSİRİ, İXTİLAFIN ACI NƏTİCƏSİ

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin “Qasiə” adlı 192-ci xütbəsində xalqların qələbə və məğlubiyyət səbəblərinə toxunaraq, məsələni keçmiş xalqların sərgüzəştlərini nümunə göstərməklə İslam ümmətinə xəbərdarlıq etmiş, İslam camiəsinin izzət və şərəfinin qorunması naminə bu xəbərdarlıqları diqqət mərkəzində saxlamağı tövsiyə etmişdir:

وَ اِحْذَرُوا مَا نَزَلَ بِالْأُمَمِ قَبْلَكُمْ مِنَ اَلْمَثُلاَتِ بِسُوءِ اَلْأَفْعَالِ وَ ذَمِيمِ اَلْأَعْمَالِ فَتَذَكَّرُوا فِي اَلْخَيْرِ وَ اَلشَّرِّ أَحْوَالَهُمْ وَ اِحْذَرُوا أَنْ تَكُونُوا أَمْثَالَهُمْ فَإِذَا تَفَكَّرْتُمْ فِي تَفَاوُتِ حَالَيْهِمْ فَالْزَمُوا كُلَّ أَمْرٍ لَزِمَتِ اَلْعِزَّةُ بِهِ شَأْنَهُمْ وَ زَاحَتِ اَلْأَعْدَاءُ لَهُ عَنْهُمْ وَ مُدَّتِ اَلْعَافِيَةُ بِهِ عَلَيْهِمْ وَ اِنْقَادَتِ اَلنِّعْمَةُ لَهُ مَعَهُمْ وَ وَصَلَتِ اَلْكَرَامَةُ عَلَيْهِ حَبْلَهُمْ مِنَ اَلاِجْتِنَابِ لِلْفُرْقَةِ وَ اَللُّزُومِ لِلْأُلْفَةِ وَ اَلتَّحَاضِّ عَلَيْهَا وَ اَلتَّوَاصِي بِهَا وَ اِجْتَنِبُوا كُلَّ أَمْرٍ كَسَرَ فِقْرَتَهُمْ وَ أَوْهَنَ مُنَّتَهُمْ مِنْ تَضَاغُنِ اَلْقُلُوبِ وَ تَشَاحُنِ اَلصُّدُورِ وَ تَدَابُرِ اَلنُّفُوسِ وَ تَخَاذُلِ اَلْأَيْدِي

“Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin. Onlar kimi olmaqdan çəkinin (ki, pis əməl və çirkin danışıqlara görə siz də əzab və çətinliyə düçar olarsınız). Onların iki (yaxşı və pis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirli və yaxşı yola qədəm qoyun və) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına, nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi – parçalanmadan (nifaq və ikiüzlülükdən) çəkinmələri, mehribanlıqları (vəhdət və birlikləri) və bir-birini mehribanlığa (həmrəylik və yekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini – seçin. (Yəni onların hörmətli olmalarına, düşmənin dəf olmasına, salamat və asudə qalmalarına, nemət və rahatlığa layiq görülmələrinə və birlik ipinin möhkəmlənməsinə səbəb olan iş bunlardır.) Həmçinin (şər və pis yola ayaq basmayın və) qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin belini sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun.”

VƏHDƏT – QƏLƏBƏLİK AMİLİ

İmam Əli (ə) vəhdəti qələbəlik amili hesab edərək, onun bir sıra müsbət təsirlərini belə bəyan edir:

فَانْظُرُوا كَيْفَ كَانُوا حَيْثُ كَانَتِ اَلْأَمْلاَءُ مُجْتَمِعَةً وَ اَلْأَهْوَاءُ مُؤْتَلِفَةً وَ اَلْقُلُوبُ مُعْتَدِلَةً وَ اَلْأَيْدِي مُتَرَادِفَةً وَ اَلسُّيُوفُ مُتَنَاصِرَةً وَ اَلْبَصَائِرُ نَافِذَةً وَ اَلْعَزَائِمُ وَاحِدَةً أَ لَمْ يَكُونُوا أَرْبَاباً فِي أَقْطَارِ اَلْأَرَضِينَ وَ مُلُوكاً عَلَى رِقَابِ اَلْعَالَمِينَ

“Cəmiyyətlər (İsrail övladları) bir yerə toplaşdıqda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olduqda, baxın görün, onlar necə olur?! Məgər onlar yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?!”

İXTİLAF VƏ TƏFRİQƏ – MƏĞLUBİYYƏT AMİLİ

İmam Əli (ə) xütbəsinin davamında xalqların məğlubiyyətini ixtilaf və təfriqə ilə əlaqələndirib, onun acı nəticəsi haqda belə buyurur:

فَانْظُرُوا إِلَى مَا صَارُوا إِلَيْهِ فِي آخِرِ أُمُورِهِمْ حِينَ وَقَعَتِ اَلْفُرْقَةُ وَ تَشَتَّتَتِ اَلْأُلْفَةُ وَ اِخْتَلَفَتِ اَلْكَلِمَةُ وَ اَلْأَفْئِدَةُ وَ تَشَعَّبُوا مُخْتَلِفِينَ وَ تَفَرَّقُوا مُتَحَارِبِينَ وَ قَدْ خَلَعَ اَللَّهُ عَنْهُمْ لِبَاسَ كَرَامَتِهِ وَ سَلَبَهُمْ غَضَارَةَ نِعْمَتِهِ وَ بَقِيَ قَصَصُ أَخْبَارِهِمْ فِيكُمْ عِبَراً لِلْمُعْتَبِرِينَ الاعتبار بالأمم

“Sonra onların işlərinin (kef çəkmələrinin) axırında (aralarında) parçalanma yarandıqda, mehribanlıq və birlikləri bir-birinə dəydikdə, sözləri ilə qəlbləri arasında fərq yarandıqda, dəstə-dəstə olub bir-birinin canına düşdükdə və bölünərək bir-birilə vuruşduqda düçar olduqlarına (çətinliklərə) nəzər salın. Allah (həmin pis əməllərinə görə, Buxtun-Nəsr və digər zalımlar vasitəsilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.”

ƏBƏDİ BİR NÜSXƏ

Əmirəlmöminin Əlinin (ə) bu nurani kəlamı vəhy kəlamı tək canlı və yenidir, sanki elə çağdaş əsrimizin insanları üçün bəyan olunmuşdur.

İslam ümməti müttəhid düşmənlərin önündə dayanmaq, böyük şeytanın və onun müttəfiqlərinin şeytani planlarını alt-üst etmək istəsə, Əmirəlmöminin Əlinin (ə) kəlamı müqabilində baş əyməyi özünə vacib bilməlidir. Bəli, müsəlmanların izzəti məhz vəhdət və birlikdədir. Düşmən dünyaya hökmranlıq etmək və İslamın gözəl simasını çirkin göstərmək üçün İslam firqələri arasındakı bir sıra fikirayrılıqları, etiqadi-teoloji ixtilaflardan sui-istifadə edərək, bəzi xamdüşüncəli müsəlmanları bir-birinin canına salmışdır. Bir halda ki, Allah-Taala Qurani-Kərimin “Ənbiya” surəsinin 107-ci ayəsində İslam Peyğəmbərini (s) “Səni aləmlərə yalnız rəhmət olaraq göndərdik!” – deyə tanıtdırmışdır. Görəsən, insanların kamilliyi üçün din gətirən bir şəxs rəhmət nümunəsi, onun gətirdiyi kitab (Quran) rəhmət kitabı olduğu halda, bu dinin qanunları və təlimləri rəhmət və mərhəmətdən uzaq ola bilərmi? Aydın məsələdir ki, İslam dünyasında baş qaldıran ixtilaf və cinayətlər İslamın inadkar düşmənlərinin işidir. Onlar daim cəhd etmişlər ki, İslama zərbə vursunlar. Təəssüflər olsun ki, onlar öz çirkin məqsədlərinə çatmaq üçün “İŞİD” və digər anti-İslam hərəkatlarını da yaratmışlar ki, əllərində bir dəstək olsun. Bəli, Onlar Allahdan xəbərsiz bir qrupun əlilə törətdikləri cinayətlərlə İslamı dünya ictimaiyyətinin gözündən salmağa can atır, İslamın gözəl çöhrəsini çirkin göstərmək istəyir və bunu istənilən informasiya vasitələrilə baş xəbərlərin sırasına keçirməkdə əllərindən gələni əsirgəmirlər. Belə bir şəraitdə, İslam ümməti arasında vəhdət və birliyin zəruriliyi gün kimi aydındır.

Ali Rəhbər Ayətullah Xameneinin vəhdətin əhəmiyyəti ilə bağlı tövsiyələri necə də qiymətlidir: “Qruani-Kərimin göstərişlərindən biri də budur ki, İslam ümməti müttəhid olsun, bir-birinin əlindən yapışsın: “Hamılıqla Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın...” (“Ali-İmran”/103.) Bu ayə kimə aiddir? Bizə aiddir – İslam ölkələrində yaşayan müsəlman xalqlarına, dünyanın hər bir nöqtəsində yaşayan möminlərə! Hegemon qüvvələrinin istəkləri Qurani-Kərimin təliminə tam ziddir. Onlar istəyirlər ki, müsəlmanlar arasında ixtilaf olsun, bir dəstə başqa bir dəstəni təkfir etsin, lənətləsin. Bu gün onların istəyi odur ki, biz bir olmayaq. Odur ki, İslam ümməti ayıq-sayıq olmalıdır.” (Ayətullah Xameneinin “Beynəlxalq Quran müsabiqəsi”ndə çıxışı – hicri-şəmsi təqvimi ilə 1392/03/18.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru