Vəkil G.Bayramlı və Ə.Muxtarlı ilə  görüşə buraxılmayıb

Vəkil G.Bayramlı və Ə.Muxtarlı ilə görüşə buraxılmayıb

«Bu gün, iyunun 5-i 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədri Gözəl Bayramlı və həm də jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna imkan verilmədi».
 
Bunu vəkil Elçin Sadıqov bildirib. Vəkilin deməsinə görə, təcridxana rəisinin müavini ilə görüşdə o, bunu müstəntiqi tapa bilməmələri ilə izah edib.
 
«Halbuki, buna ehtiyac yox idi. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə mənim adım vəkil kimi qeyd edilirdi. Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verir ki, məni onlarla görüşə buraxmadılar», - deyə vəkil vurğulayıb.
 
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
 
Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
 
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
 
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb.
 
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
 
Ə.Muxtarlı isə mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
 
Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
 
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
 
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru