Vəkil Yalçın İmanovun işi

Vəkil Yalçın İmanovun işi

-- Məhkəmə baxışı martın 16-na təyin edilib

Fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub.
 
Sözügedən qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb
 
. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini açıqlayıb. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
 
Vəkillik fəaliyyətinə məhkəmə xitam verə bilər. Ona görə də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovu vəkillikdən uzaqlaşdırmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə baxışına qədər isə, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarına əsasən, Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
 
Gəncə İnzibati-İqtisadi Məhkəməsində işə hakim Rəşad Mamedovun sədrliyi ilə baxılır.
 
Fevralın 21-i ilkin baxış zamanı Yalçın İmanov vəsatətlər verib. Onun ilk vəsatəti işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə olub. Yalçın İmanov bildirib ki, indiyədək belə işlərə ümumi məhkəmələrdə baxılıb: “Mən uzun illərdir Sumqayıt şəhərində yaşayıram və oradakı hüquq məsləhətxanasında fəaliyyət göstərirəm. Vəkillər Kollegiyasının iddiası İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia növlərinin heç birinə aid olmadığına görə inzibati məhkəmədə baxıla bilməz”.
 
Vəkillər Kollegiyasının təmsilçisi vəkil Bəylər Məmişov vəsatətə etiraz edib və hakim vəsatəti təmin etməyib.
 
İkinci vəsatətində Yalçın İmanov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu iş üzrə iddiaçı ola bilməz. Çünki hüquqi şəxsin adı Vəkillər Kollegiyasının Rəyasət Heyəti yox, Vəkillər Kollegiyasıdır. Hakim bu vəsatəti də təmin etməyib.
 
Yalçın İmanov bəzi sənədlərin (Penitensiar Xidmətin 10 avqust 2017-ci il şikayəti və mediadan çıxarışlar, Vəkillərin İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyi, komissiyanın rəyə əlavəsi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı və həmin tarixdə keçirilmiş iclasın stenoqramı) ona verilməsi barədə də vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edib və sənədlərin bəzisi Yalçın İmanova verilib.
 
Bundan sonra Yalçın İmanov Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib. Eyni zamanda o, iddiasına bir ərizə əlavə edib. Həmin ərizəsində Yalçın İmanov Rəyasət Heyətinin qərarındakı bir hissənin – onun vəkillik fəaliyyətinin dərhal dayandırılması hissəsinin dayandırılmasını məhkəmədən xahiş edib. Yalçın İmanov bildirib ki, məhkəmə prosesi hələ uzun müddət sürə bilər və onun vəkillik fəaliyyətinin bu müddət ərzində, məhkəmə qərar çıxaranadək dayandırılması növbəti ədalətsizlikdir. Yalçın İmanov məhkəmədən Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarında əksini tapan, vəkillik fəaliyyətinin dərhal dayandırılmasına aid hissənin dayandırılmasını istəyib.
 
Hakim Rəşad Mamedov Yalçın İmanovun qarşılıqlı iddiasını icraata götürməyib. Amma onun iddiaya əlavə etdiyi ərizəyə növbəti iclasda baxılacağını söyləyib.
 
Məhkəmə baxışı martın 16-na təyin edilib. (novator.az)

Google+ WhatsApp ok.ru