Vəkil yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını M.Səmədovun işinə həssas yanaşmağa çağırıb

Vəkil yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını M.Səmədovun işinə həssas yanaşmağa çağırıb

“2011-ci ildə saxta ittihamlarla tutulub, sonradan məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova münasibətdə sistemli qanunsuzluqlar davam edir”.
 
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili Yalçın İmanovun mayın 24-də yaydığı açıqlamada belə yazılır.
 
Vəkil yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını M.Səmədovun işinə həssas yanaşmağa və onun hüquqlarının müdafiəsinə səy göstərməyə səsləyir.
 
Vəkil açıqlamada nəql edir ki, 2016-cı ilin noyabrından M.Səmədov 4 dəfə cərimə təcridxanasına salınıb.
 
“Ona 2 dəfə töhmət, 1 dəfə xəbərdarlıq elan edilib, 1 dəfə isə 2 ay müddətinə kamera tipli otağa salınıb. Həmin inzibati tənbeh tədbirlərinin nə qədər absurd və əsassız olduğunu sübut etmək üçün çox da dəlil axtarmağa ehtiyac yoxdur”, yazan vəkil M.Səmədovla bağlı çıxarılmış qərarların əsaslandırma hissələrini açıqlayıb.
 
Vəkilin təsvir etdiyi həmin qərarlarda bildirilir ki, M.Səmədov baş geyimini çıxarmadığına, özünü məhkum kimi təqdim etməkdən imtina etməsinə və təmizlik işlərində iştirak etməkdən imtina etməsinə görə, dəfələrlə cəzalandırılıb. M.Səmədovun kamera tipli xüsusi otağa yerləşdirilməsi isə onun həyatına təhlükə olması ilə əsaslandırılıb.
 
Vəkil bütün əsaslandırmaların qanunsuz olduğunu bildirir.
 
“O, hazırda da digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlanılır. M.Səmədov bir sıra ağrılardan, o cümlədən varikoz (damar xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi üçün tövsiyələrdən biri də daima açıq havada gəzinmək, aktiv fəaliyyətdir. Belə görünür ki, ən müxtəlif bəhanələrlə M. Səmədovu cəzaçəkmə müəssisələrinə buraxmamaqla yanaşı, onun səhhətinin mümkün qədər pisləşdirilməsi və qapalı rejimdə saxlanılması niyyəti güdülür”, - vəkil yazır
 
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.(azadliq.org)

Google+ WhatsApp ok.ru