Vəkil: İ.Məmmədovu xarici həkimlərin müalicə etməsini istəyirik

Vəkil: İ.Məmmədovu xarici həkimlərin müalicə etməsini istəyirik

«İlqar Məmmədovun səhhətində kifayət qədər ciddi problemlər var və onu müayinə, müalicə edən həkimlər xaricdədir. Biz Penitensiar Xidmətdən onu xarici mütəxəssislərin müayinə və müalicə etməsindən ötrü şərait yaratmasını istəyirik».
 
Bu sözləri AzadlıqRadiosuna siyasətçinin vəkili Fuad Ağayev bildirib.
 
Vəkil vurğulayıb ki, bununla bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri var.
 
F.Ağayevin deməsinə görə, İ.Məmmədovun səhhətində problemlər həbsdə olduğu müddətdə həmişə olub: «Lakin o, bunun ictimailəşdirilməsini istəmirdi».
 
Vəkilin fikrincə, ən ciddi problem İ.Məmmədovun bel nahiyəsindədir. «Martın 22-də onun səhhətindəki problemin daha da ciddiləşməsi ilə bağlı məlumat aldıq. O, çətinliklə telefon şəbəkəsi olan məntəqəyə gəlib həyat yoldaşına zəng edib ki, ağrıları şiddətlənib və çox çətinliklə yeriyir», - deyə vəkil bildirib.
 
F.Ağayev bayram günləri olduğundan İ.Məmmədova tibbi yardım göstərilib-göstərilməməsi və ya müalicə müəssisəsinə köçürülüb-köçürülməməsi barədə məlumatsız olduğunu deyib.
 
Novruz bayramı ilə bağlı iş günləri olmadığından, məsələyə, hələ ki, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
 
XATIRLATMA
 
REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.
 
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.
 
Avropa Şurası Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
 
2015-ci ilin oktyabrında Ali Məhkəmə işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.
 

Google+ WhatsApp ok.ru