Xəstəliklər artır, tibb işçilərinin sayı azalır

2014-cü ildə Azərbaycanda 1 mln 853 min nəfər xəstələnib. Bu, əvvəlki ildəkindən 6,5% çoxdur, deyə Dövlətstatkom bildirir.
 
Ötən il ölkədə hər 10 000 nəfərdən 1968 nəfər xəstələnib. Bu, 2013-cü ildəkindən 5,2% çoxdur. Nəfəs yolları (10 min nəfərə 787,2), həzm yolu (161,8) və ürək-damar xəstəlikləri (149,2) daha çox yayılıb.
 
DSK-ya görə, 2014-cü ildə 169 811 Azərbaycan vətəndaşı xaricə müalicəyə gedib. Rəsmi məlumata görə, bu məqsədlə 52 mln manat xərclənib. Azərbaycanlılar müalicə üçün İrana daha çox gedir. Ötən il bu ölkənin klinikalarına 96,6 min azərbaycanlı müraciət edib.
 
Keçən il ölkədə həkimlərin sayı 400 nəfər artaraq 32,8 minə çatıb. Amma 2014-cü ildə 10 min nəfərə 34,6 həkim düşüb. Bu, ötən il əvvəlindəkindən 0,1 % azdır.
 
Orta tibbi heyəti işçilərinin sayı (56,1 min nəfər) 2014-cü ildə 800 nəfər azalıb.
 
Ötən il tibb müəssisələrinin sayı 13 vahid artıb və 566-a çatıb. Müqayisə üçün qeyd edək ki, 1993-cü ildə Azərbaycanda 776 xəstəxana olub. 2014-cü ildə iki ambulator-poliklinika istismara verilib. Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkədə 1746 ambulatoriya və poliklinika var, 1993-cü ildə də təxminən o qədər olub (1749). Səhiyyə Azərbaycanda ən az ödənişli fəaliyyət sahəsidir. Ölkədə
səhiyyə rəsmən pulsuzdur. Ancaq hər xəstəliyin və cərrahiyə əməliyyatının öz qeyri-formal qiyməti var.
2013-cü ilin nəticələrinə görə, səhiyyə işçilərinin orta aylıq əmək haqqı 181,8 manat təşkil edib, bu da ölkə üzrə orta aylıq əmək haqqından 2,5 dəfə azdır.

Google+ WhatsApp ok.ru