'Xəstə öləndən sonra gəlirlər' - Təcili yardımda həkim çatışmazlığı - VİDEO

'Xəstə öləndən sonra gəlirlər' - Təcili yardımda həkim çatışmazlığı - VİDEO

Bölgələrdə həkim çatışmazlığ yaşanır. Maddi-texniki baza kifayət qədərdir, həkim isə az.
 
Kanal S-in (Region TV) "Günün ardınca" verilişində problemlə bağlı reportaj yayımlanıb.
 
Əksəriyyətimiz təcili tibbi yardımın ünvana bir an tez çatmasını həyacanla gözləmişik. Hər saniyənin saatlar qədər uzun sürdüyü bu dəqiqələrdə son ümid yerimiz məhz bu şəxslərdir. Lakin həyatımızı etibar etdiyimiz tibb işçiləri müxtəlif səbəblərdən bəzən hadisə yerinə gecikirlər. Bəli, yaranan bu problemlər əksər hallarda xoşagəlməz hadisələrlə nəticələnir. Gecikmələr hətta kimisə canında edə bilər.
 
180 mindən çox əhalisi olan Şəkidəki təcili tibbi yardım stansiyasında gün ərzində cəmi iki növbətçi həkim briqadası olur. Həkim sayının azlığı üzündən baş verən gecikmələr isə xəstə yaxınlarının haqlı narazılıqlarına səbəb olur.
 
Müşahidələrimiz də göstərdi ki, yaradılan maddi texniki baza, təcili tibbi yardım maşınlarının sayı və digər lazımi avadanlıqlar kifayət qədər var. Ancaq bu ləvazimatlardan istifadə edən həkimlərin azlığı görülən bütün müsbət işlərə kölgə salır.
 
Xaçmazda da eyni problem yaşanır. Hətta təcili yardımda ixtisaslı həkim çatışmadığından hadisə yerinə orta tibb işçisi göndərməli olurlar. Amma ağır qəzalar zamanı bu hal keçərli olmur. Belə halda hadisə yerinə mütləq təcrübəli və ixtisaslı mütəxəssis getməlidir.
 
Təcili və təxirəsalınmaz tibbi yardım əməkdaşlarının qarşılaşdığı çətinliklərdən biri də onlara edilən hücümlarla bağlıdır. Belə hallar xüsusi ilə qəfil ölümlər zamanı baş verir. Yaxınını qəfil itirən ailə üzvləri bunu qəbul edə bilmir günahı isə həkimlərdə görürür.
 
Xaçmaz rayon Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Kavus Əliyev bildirir ki, bu kimi çətinliklərin şahidi olan gənc mütəxəssislər bu peşədə işləməkdə tərəddüd edirlər.
 
Bir məsələ də var ki, Təcili tibbi yardım maşınları təkcə hadisə və çağırışla bağlı işə cəlb olunmur. Onlar idman yarışları, imtahanlar, kütləvi bayram tədbirləri kimi insanların toplaşdığı yerlərdə də xidmət aparırlar. Belə olduğu halda da digər çağırışlar zamanı həkim çatışmazlığı yaşanır.
 
Artıq məsuliyyət düşür vətəndaşların üzərinə. Hər xırda narahatlıq üçün təcili tibbi yardım stansiyasına müraciət edənlər daha ağır vəziyyətdə olan xəstələri düşünərsə, problem bu qədər kəskin hal almaz.
 
Ancaq istənilən halda bölgələrdə təcili tibbi yardım stansiyalarında həkim çatmazlığının aradan qaldırılmasına ehtiyac var. Çünki adından da göründüyü kimi bu stansiyaların vəzifəsi vətəndaşları təcili və təxirəsalınmaz yardım göstəməkdir. Bu yardımların təxirə salınmasının isə nə ilə nəticələnəcəyini yalnız Allah bilir.
 

Google+ WhatsApp ok.ru