Xəstəxananın işıqları kəsildi, yeni doğulan iki körpə öldü

Xəstəxananın işıqları kəsildi, yeni doğulan iki körpə öldü

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.
 
Maide.Az report-a istinadən bildirir ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da olaya münasibət bildirib. O faktı təsdiqləsə də, körpələrin işığın sönməsi üzündən ölməsi ilə bağlı deyilənlərlə razılaşmayıb: «Mirzabitə Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: 31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var».
 
 

 

Google+ WhatsApp ok.ru