Xərçəngin sağalmasına kimlər mane olur?

Xərçəngin sağalmasına kimlər mane olur?

Elm, texnika əsrində bəşər övladının qalib gələ bilmədiyi xəstəliklərdən biri də xərçəngdir. Dünya alimləri, mütəxəssislər, həkimlər bu sahə ilə bağlı müxtəlif araşdırmalar, tədqiqatlar aparsa da, hələlik hər hansı nəticə hasil olmayıb.

Azərbaycanda 2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlar olub.
 
2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Həmin uşaqların 66 nəfərini oğlanlar, 47 nəfərini qızlar təşkil edib. Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.
 
Artıq dünyada hər 5 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Berlindəki Robert Koch İnstitutu Xərçəng Qeydiyyat Məlumatları Mərkəzinin Almaniyada apardığı araşdırma zamanı ölkədə hər iki nəfərdən birinin xərçəng xəstəliyinə tutulduğu məlum olub. Bu xəstəliyə tutulanların yarısından çoxu süd vəzi xərçəngi, ağciyər xərçəngi, mədə xərçəngi və prostat vəzi xərçəngindən əziyyət çəkir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son illərdə kişilərin bu xəstəliyə yoluxma riski daha da artıb. Bu risk kişilərdə 51 faiz, qadınlarda isə 43 faiz təşkil edir.
 
Qeyd edək ki, bu xəstəlik üçün təyin edilən dərman pereparatları, müxtəlif terapiya üsulları olduqca bahalıdır. Xərçəng xəstələrinin sayı artdıqca onun müalicəsi üçün dərman pereparatları istehsal edən biznesmenlər varlanır...
 
Bəzi mənbələrin məlumatlarına görə, xərçəng şişinin müalicəsi üçün100 faizlik müalicə üsulu, dərman aşkarlansa da, onun bazara çıxarılmasına imkan verilmir. Bunun qarşısını alanlar isə xərçəngin müalicəsində istifadə edilən dərman vasitələrinin istehsal və satışını həyata keçirən biznesmenlərdir.
 
"Əgər bu, baş verirsə, səbəbləri çox ciddidir"
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla modern.az-a deyib ki, bunlar təsdiqini tapmayan fikirlərdir:
"Xərçəng şişi orqanizmdə antikomiser müdafiəsi sisteminin pozulmasından qaynaqlanır. Yəni bu, ciddi bir sistemdir. Belə atipik hüceyrələr daim bizim orqanizmimizdə əmələ gəlir. Onlar bədən tərəfindən xaric olunur, məhv olur və s. Əgər orqanizmdə belə bir inkişaf baş verirsə, bunun çox ciddi səbəbləri var. Həmin səbəblər isə indiyə qədər tam olaraq öyrənilməyib.
Xərçəngi törədən maddələr, müxtəlif viruslar öyrənilsə də, birmənalı olaraq bu problemin üzərində dayanılmayıb".
 
"Bunlar şayiədir..."
 
A.Qeybulla bildirib ki, xərçəng səbəbi çox olan xəstəlikdir:
"Konkret səbəb bədəndə xərçəngə qarşı müdafiə sisteminin pozulmasıdır. İndiyə qədər müxtəlif istiqamətli konsepsiyalar hazırlanıb, kimyaterapiya, şüa müalicələrindən istifadə edilsə də, effektiv nəticə əldə olunmayıb.
Xəstəlik tam 100 faiz aradan qaldırıla bilmir. Düzdür, xərçəngin müalicəsilə bağlı çox yeniliklər var. Bunlardan immunoterapiya, virus terapiyası və s. müxtəlif preparatlar meydana çıxıb. Doğrudur, bunlar həddindən artıq bahadır.
Nəzərinizə çatdırım ki, Amerikanın səhiyyə büdcəsi onun federal büdcəsindən yüksəkdir. Əgər federal büdcə 3 trilyondursa, səhiyyə xərcləri 4 trilyondur. Məhz bu cür preparatların, müalicə üsullarının hesabına...
Dövlətin iqtisadi imkanları o qədər olmalıdır ki, vətəndaşın üzərinə çox yük düşməsin.
Hələ indiyə qədər effektiv müalicə üsulu yoxdur. Çünki indiyə qədər xəstəliyin baş vermə səbəbi tam olaraq aydınlaşdırılmayıb. Çoxsaylı faktorlar var və təsirləri sübut olunub. Amma konkret səbəb bilinmir. Ola bilsin ki, yaxın gələcəkdə tamamilə yeni bir istiqamətdə bu problem öz həllini tapa bilər. Hazırda fantastik görünən metodlar təklif edilir. Onkoloji hüceyrələri bədəndə tapan və onu məhv edən hüceyrələrin, virusların hazırlanması ola bilər. Amma xəstəliyin kökü tam dərindədir. İnsanlar arasında belə fikirlər var ki, bu xəstəliyin dərmanı tapılıb, amma bunlar şayiə xarakteri daşıyır". (modern.az) /

Google+ WhatsApp ok.ru