'Xəyal adası'nda işləyən fəhlələrin maaş tələbi

'Xəyal adası'nda işləyən fəhlələrin maaş tələbi

"Fəhlə işləmişəm. İki aydır maaş verilmir. Günü günə satırlar. Dedilər, "cümə günü gəlin", biz də səhər saatlarında gəldik, baxdıq ki, ofisə giriş kartımızı bloklayıblar ki, içəri daxil ola bilməyək. Toplaşıb ofisin qarşısında gözləyirik ki, bəlkə kimsə qarşımıza çıxıb bizi dinləyə...".
 
Bunu AzadlıqRadiosuna "Xəyal adası" layihəsində fəhlə kimi çalışmış Qərib Hüseynov deyir.
 
YÜZLƏRLƏ FƏHLƏNİN İKİ AYLIQ MAAŞI GECİKƏNDƏ...
Qərib Hüseynovun sözlərinə görə, fevralın 24-də səhər saatlarında 60-70 fəhlə maaş tələbilə «Xəyal adası» layihəsini gerçəkləşdirən şirkətin Qala qəsəbəsi yolunun üstündəki ofisinin qarşısına toplaşıb. Günortayadək gözlədikdən sonra bir qisim dağılışıb, bir qisimsə hələ də ofisin qarşısında maaş tələbi səsləndirir.
 
"Xəyal adası" "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsidir. Layihədə yüzlərlə fəhlə çalışır. Onların deməsinə görə, iki aydan çoxdur ki əməkhaqqı verilmir. Layihə üzrə tikintidə hörgü, suvaq, elektrik işləri görmüş fəhlələr indi qapı arxasında qalıb. Məsələn, Qərib Hüseynov iddia edir ki, şirkətin təkcə ona 1000 manat borcu var: "Maaşım 550-600 manatdır. Ümumiyyətlə, fəhlələrin çoxunda maaş belədir. İndi özünüz düşünün, yüzlərlə fəhlənin iki aylıq maaşı gecikəndə, borcun məbləği hara gedib çıxır".
 
 
"CİBİBOŞ NECƏ QAYIDAQ?"
Qərib Hüseynov maaşın gecikdirilməsi ucbatından üst-üstə yığılan problemlərdən danışır: "Evdə işığı, qazı, suyu kəsiblər. Ailəmizin yanına cibiboş nə üzlə qayıdaq? Çıxsınlar, bir söz desinlər, heç olmasa, maaşımızın bir hissəsini versinlər, aparıb kommunal borcumuzu, bankımızı ödəyək".
 
AzadlıqRadiosunun müxbiri məsələyə layihə sahibi olan şirkətin mövqeyini öyrənməyə çalışır.
 
Qeyd edək ki, hələ 2 il öncə ölkə prezidenti "Xəyal adası" layihəsinin icra olunduğu ərazidə olub. Yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatələyən kompleks Beynəlxalq Aeroporta gedən yolun kənarında yerləşir. Kompleksin yaşayış sahəsində 2 min 100 mənzil, 300 villa inşa olunur. Ərazisi 320 hektardır.

Google+ WhatsApp ok.ru