Xəbərdarlıq: Azərbaycanda təhlükəli zərərverici yayıla bilər

Xəbərdarlıq: Azərbaycanda təhlükəli zərərverici yayıla bilər

Dövlət Fitosanitar Nəzarəti xidməti xüsusi təhlükəli zərərverici olan mərmər bağacığı haqqında xəbərdarlıq yayıb.
 
Maide.İnfo novator.az-a istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, mərmər bağacığı (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurur. Bu hal MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərverici Gürcüstanın ərazisində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurub.
 
2016-cı ildə həmin zərərvericinin Rusiyanın Qara dəniz sahillərində meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.
 
Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.
 
Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu bildirir, bənzər zərərverici müşahidə edildikdə xidmətin yerli qurumlarına müraciət etmək tövsiyə olunur.
 
Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.
 
Mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvarı olmaqla, yığcam formada 12-17 millimetr təşkil edir.
 
Yetkin fərdləri aprelin əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 millimetr ölçüdə 20-30 ədəd ağ kürə şəklində yumurta qoyur. May-iyun, iyun-avqust, avqust-oktyabr aylarında inkişaf etməklə üç nəsil vermə qabiliyyətinə malikdir.
 
Xəbərdarlıqda bildirilir ki, zərərverici ilə mübarizə zamanı kimyəvi üsullardan istifadə tövsiyə edilir. Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidir. Karate Zeon (lyambda siqalotrin) – 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir. Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir. /

Google+ WhatsApp ok.ru