Xəbərdarlıq: Avropada istidən ildə 150 min nəfər ölə bilər

Xəbərdarlıq: Avropada istidən ildə 150 min nəfər ölə bilər

Əsrin sonunadək iqlim dəyişikliyindən hər il Avropada 150 mindən çox adam ölə bilər. Bu tədqiqat barədə "The Independent" qəzeti yazıb.
 
Avropa Komissiyası alimlərinin tədqiqatı üzə çıxarıb ki, sərt hava şəraitindən ölüm halları 50 dəfə artacaq və təbii fəlakətlər qitədə hər üç adamdan birinə təsir göstərəcək.
 
Tədqiqatda bildirilir ki, ürək tutmasından, ürək və nəfəs xəstəliklərindən, qəfil daşqınlardan yüz minlərlə avropalı həlak olacaq. Quraqlıqlar ərzaq çatışmazlığıyla sonuclanacaq, adamlar xəstəlik və infeksiyadan ölüm riskiylə daha çox üzləşəcəklər. Kənd yerlərində isə meşə yanğınları çoxalacaq.
 
Alimlər sərt hava şəraitiylə bağlı tarixi məlumatları toplayıblar, onları iqlim dəyişikliyinin vuracağı ziyanla, eləcə də qlobal istiləşmənin əhaliyə təsiriylə bağlı proqnozlarla birləşdiriblər. Araşdırma müəllifləri hökumətlərə xəbərdarlıq çağırışı etdiklərini deyirlər.
 
"Bu, iqlim dəyişikliyi ilə bağlı dərhal tədbirlər görülməsinə çağıran kəskin xəbərdarlıqdır. Planetdə adamlar onsuz da sərt hava şəraitindən ölürlər, cəmləşmiş cəhdlər göstərilməsə, durum Avropa da daxil olmaqla, daha da pisləşəcək", – "Yerin Dostları" kampaniyasının üzvü Donna Hume deyib.
 
Onun sözlərinə görə, hökumətlər çirkli karbohidrogen ehtiyatlarından əl çəksə, bu tale önlənə bilər.
 
"Fəlakətli iqlim dəyişikliyi ilə üzləşmək istəmiriksə, mövcud kömür, neft və qaz ehtiyatlarının ¾ hissəsi istifadəsiz qalmalıdır. Bu zaman Böyük Britaniya hökuməti niyə ölkənin hüdudlarında daha çox qazıntı işləri aparır?", – o deyib.
 
 Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) da xəbərdarlıq edib ki, iqlim dəyişikliyinin təhlükəsini önləməkdən ötrü qlobal siyasət dəyişməlidir.
 
"Bu hesabat bildiklərimizi daha da gücləndirir və problemin öhdəsindən gəlməsək, səhiyyə və rifah sistemimizə təsir göstərəcək, həyatlarımız hesabına başa gələcək", – fondun iqlim və enerji bölümünün rəhbəri Gareth Redmond-King deyib.
 
"Ancaq bu gələcək qaçılmaz deyil. İqlim dəyişikliyinin səbəblərini və həll yollarını bilirik. Qlobal temperatur artımını 1.5 dərəcədə saxlamaq əlimizdədir. Bundan ötrü indi hərəkətə keçməli və gələcəyi karbondan azad etməliyik", – o söyləyib.
 
Tədqiqatçılar Paris iqlim sazişinin öhdəliklərinə əməl etməyin vacibliyini vurğulayır.
 
Aparıcı müəllif Dr. Giovanni Forzieri-nin sözlərinə görə, qlobal istiləşməyə dair dərhal tədbirlər görülməsə, əsrin sonunadək ildə 350 milyon avropalı sərt iqlim şəraitindən əziyyət çəkəcək.(azadliq.org) 

Google+ WhatsApp ok.ru