Xəsarət alan neftçi vəfat edib

Xəsarət alan neftçi vəfat edib

-- F.Gözəlovun xəsarət aldığı qəza noyabrın 3-ü baş vermişdi

SOCAR-n Kompleks Qazma İşləri Trestinin “Qaradağ” sahəsində qazma prosesi zamanı baş verən qəzada xəsarət alan 52 yaşlı neftçi, Fikrət Gözəlov xəstəxanada vəfat edib.
 
Bu haqda “Turan” agentliyinə onun yaxınları bildirib.
 
Yaxınlarının deməsinə görə, F.Gözəlov qəza baş verən zaman ağır xəsarətlər alıb. Onu əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Daha sonra başqa xəstəxanaya köçürülən neftçinin həyatını xilas etmək mümkün olmayıb. Onun  noyabrın 10-u səhər saatlarında vəfat etdiyi deyilir.
 
F.Gözəlovun xəsarət aldığı qəza noyabrın 3-ü baş vermişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilirdi ki, qəza «Qaradağ» sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından işçi meydançaya qaldırılan borulardan birinin yırğalanması sonucu baş verib.
 
Nəticədə Kompleks Qazma İşləri Trestinin «Qaradağ-Qalmaz» İstehsalat Bölümünün qazmaçı köməkçiləri - 52 yaşlı Fikrət Gözəlov və 53 yaşlı Cavad Ədilov xəsarət almışdı.
 
C.Ədilovun qəzada nisbətən yüngül xəsarətlər aldığı bildirilirdi. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən C.Ədilovun müalicəsinin noyabrın 6-sı başa çatdığı, həmin gün onun evə buraxıldığı deyilir.
 

Google+ WhatsApp ok.ru