XƏLİFƏNİN SÜFRƏSİ VƏ ACI AQİBƏT

XƏLİFƏNİN SÜFRƏSİ VƏ ACI AQİBƏT

Şərik ibn Abdullah Nəxəi hicri-qəməri tarixi ilə 2-ci əsrin məşhur alim və ruhanilərindən idi. O, elm və təqvada şöhrət qazanmışdı. Abbasi xəlifəsi Mehdi ibn Mənsur onu qazi təyin etmək istəyirdi, lakin Şərik ibn Abdullah özünü zülmkar hökumətdən uzaq saxlamaq üçün, bu vəzifədən boyun qaçırırdı. Xəlifə ona buyurdu ki, qazilik vəzifəsini qəbul etmirsənsə, heç olmasa, övladlarımın təhsili ilə məşğul ol və onlara hədis elmini tədris et. Şərik azad və yoxsul həyata qane olduğunu bildirərək bu işi də qəbul etmədi.

Bir gün xəlifə onu saraya çağırıb dedi: “Gərək bu gün bu üç işdən birini qəbul edəsən, ya qazilik vəzifəsini qəbul etməlisən, ya mənim uşaqlarımın təlim-tərbiyəsi ilə məşğul olmalısan, ya da elə bu gün nahar yeməyində bizəmlə birgə süfrə başında əyləşməlisən.”

Şərik öz-özünə fikirləşib dedi: “İndi ki, məcburiyyət qarşısında qalmışam, bunlardan üçüncüsü daha münasibdir.”

Xəlifə baş aşpaza göstəriş verdi ki, bu gün ən dadlı xorəklər hazırlasın. Haram pulla əldə edilən bal və nabat qatılmış cürbəcür haram xörəklər hazırlandı. Xörəklər süfrəyə gətirildi. Şərik ömründə bu cür xörəklər yeməmiş və görməmişdi. O, yeməyi iştaha ilə yeyirdi. Saray başçısı yavaşca xəlifənin qulağına pıçıldadı: “And osun Allaha, bu kişi bundan sonra nicat tapmayacaq.”

Çox çəkmədi ki, Şərik həm xəlifənin uşaqlarının təlim-tərbiyə işlərini, həm də qazilik vəzifəsini qəbul etdi və bunun müqabilində onun üçün maaş da təyin etdilər.

Bir gün Şərik maaş verən şəxslə höcətləşdi. Maaş verən şəxs ona dedi: “Sən ki, bizə buğda satmayıbsan ki, bu qədər simiclik edirsən.”

Şərik dedi: “Mən sizə buğdadan da üstün bir şey satmışam; sizə öz dinimi satmışam!”

(“Murucuz-zəhəb”, 2-ci cild, Mehdi Abbasinin tərcümeyi-halı; “Məcmueyi-asar”, Ayətullah Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh. 254-255.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru