Xəzəryanı ölkələr nərə balığının kommersiya məqsədilə ovlanmasına moratoriumu uzadıblar

Xəzəryanı ölkələr nərə balığının kommersiya məqsədilə ovlanmasına moratoriumu uzadıblar

Beş Xəzəryanı dövlət nərə balığının sənaye məqsədilə ovlanmasına moratoriumun uzadılmasına razılıq verib. Qərar dekabrın 23-25-də Tehranda keçirilən Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi üzrə komissiyanın üçüncü iclasının protokolunda əksini tapıb. İclasda Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər, Rusiya Balıqçılıq Federal Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

İclasın gündəliyinə əsasən, tərəflər 2018-ci ildə ov kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və qorunması barədə məlumat mübadiləsi aparıblar, ehtiyatların vəziyyətinə dair araşdırmaların nəticələrini nəzərdən  keçiriblər.

Xəzəryanı ölkələrin nümayəndələri 2020-ci ildə su bioresurslarının ovlanmasının həcminə dair tövsiyələri razılaşdırıblar və Xəzərdə nərə balığının kommersiya məqsədilə ovlanmasına qadağanı uzadıblar.

Su bioresurslarının qorunması, rasional istifadəsi üzrə komissiya 2014-cü ildə sahilyanı ölkələr tərəfindən yaradılıb.

Tətbiq olunan qadağalara baxmayaraq, nərə balığı brakonyerliyinə son qoyulmur. Bu gün qara kürü və nərə balığını sahil ölkələrinin bütün bazarlarında almaq olar. Əsasən Bakıda nərə balığının bir kiloqramı 50-60 manata, qara kürü isə bir kiloqramı 1000-1500 manata (balığın keyfiyyətinə və növündən asılı olaraq) satılır.

Xəzər hövzəsində nərə balığının maksimum ovlanması XX əsrin əvvəllərində qeydə alınıb - 39,4 min ton, həmçinin 1970-ci illərin sonunda 27,4 min ton olub. Nərə balığının sayında kəskin azalma 1991-ci ildə başlayıb. Hazırda bu balıq növlərinin gələcək ehtiyatları təbii və süni çoxalmanın təmin edilməsi tədbirlərinin səmərəliliyindən, habelə Xəzər hövzəsində qanunsuz ovlanmaya və brakonyerlik məhsullarının ticarətinə qarşı mübarizədən asılıdır.

Rusiya 2000-ci ildən Volqa-Xəzər hövzəsində ağ balıq, 2005-ci ildən isə nərə və uzunburun balıqlarının sənaye məqsədilə ovlanmasını qadağan edib. Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanda nərə balığının sənaye məqsədilə ovlanmasına moratorium qoyulub./contact.az

Google+ WhatsApp ok.ru