Xalqın hesabına xilas olan bank

Xalqın hesabına xilas olan bank

"Yeni Müsavat" qəzetində "Hökumət dövlət büdcəsi hesabına ABB-ni xilas edir" sərlövhəli məqalədə adıçəkilən bankın durumu ekspert Əkrəm Həsənovla təhlil edilir.
 
Yazıda xatırladılır ki, Azərbaycan Beynəlxalq Bankının əksər kreditorları öhdəliklərin könüllü restrukturizasiyası planını qəbul edib. Bu plana əsasən, 3.34 milyard dollar xarici borc əvəzinə kreditorlara qiymətli kağızlar təqdim ediləcək.
 
Amma Ə.Həsənov deyir ki, burada ziddiyyətli məqam var:
""Banklar haqqında" qanuna görə, kreditorların 2/3 hissəsinin səsi planın reallaşdırılmasından ötrü yetərlidir. Mülki Məcəlləyə görə isə, bütün kreditorların razılığı tələb edilir. İndiki halda kreditorların 93 faizi razıdır".
 
Ekspert hesab edir ki, indi əsas məsələ dövlətə bu qədər ziyan vuran şəxslərin cəzalandırılmasıdır:
"Bizi indi digər iki məsələ daha çox düşündürməlidir. Əvvəla, bank dövlət vəsaiti hesabına xilas olundu. Odur ki, bankın bu vəziyyətə düşməsinin bütün təqsirkarları cəzalandırılmalıdır. Habelə itirilmiş vəsaitlərin qaytarılması üzrə ciddi tədbirlər görülməli, ictimaiyyət daim məlumatlandırılmalıdır".
 
Ekspert deyir ki, ABB-nin səhmlərinin az da olsa bir hissəsi fiziki və hüquqi şəxslərə mənsubdur. Dövlət bankın borclarını üzərinə götürməklə faktiki həmin səhmdarlara da hədiyyə etmiş olub.

Google+ WhatsApp ok.ru