XANIM ZƏHRA (S.Ə.) – İSMƏT NÜMUNƏSİ

Besətdən (İslam Peyğəmbəri (s.ə.) peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının 20-də qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi. Zəhra ulduzu doğuldu. Mühəmməd (s.ə.) və Xədicə (s.ə.) evi Fatimənin (s.ə.) nuru ilə işıqlandı. Həzrət Peyğəmbər (s.ə.) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda, onu Fatimədən alıram.»

Bəli, Fatimə (s.ə.) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s.ə.) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s.ə.) nütfəsi yoğrulur.

Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömrü bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi üçün yaratdın deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə, yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə kimi uca məqamından xəbərsiz idilər.

FATİMƏ (S.Ə.) NECƏ DOĞULDU?

Fatimə anasının bətnində olan vaxtlarda anası ilə danışardı. Xədicə bu məsələni həzrət Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin (s) sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s.ə.) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır mənim nəslim onun vasitəsilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq.»

Hamiləlik dövrü başa çatıb doğum məqamı yaxınlaşdıqda, Xədicə bəzi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıqSarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib.» Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi.

Əlində teştlər, “Kovsər” suyu ilə dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s.ə.) “Kovsər” suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib “şəhadət kəlmələri”ni dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur atam Onun peyğəmbəridir.»

Fatimə (s.ə.) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.

İmam Sadiqdən (ə) nəql olunur ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə və Zəhra.»

HƏZRƏT FATİMƏNİN (S.Ə.) BƏZİ FƏZİLƏTLƏRİ

1. FATİMƏ (S.Ə.) MEHRABDA

Həzrət Fatimənin (s.ə.) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Biharul-ənvar» kitabında belə nəql olunur: “Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı.” İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, əvvəl qonşu, sonra isə öz evin!

 

2. FATİMƏNİN (S.Ə.) İXLAS VƏ İSARI

Həzrət Fatimənin (s.ə.) övladları Həsən (ə) və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s.ə.) Fatimənin (s.ə.) evində idi. Həzrət buyurdu ki, onların şəfası üçün nəzr edin. Əli (ə) və Fatimə (s.ə.) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-Taala onlara şəfa verdi. Nəzrə görə, oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s.ə.) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin qapını döyüb kömək istədi. Əvvəlcə Əli (ə), sonra Fatimə (s.ə.), daha sonra Həsən, Hüseyn (ə) və Fizzə öz çörək paylarını miskinə verdilər. Səhəri gün nəzrə görə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Əvvəlki günün əhvalatı yenə təkrar oldu, beş çörəyin beşini də yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib kömək istədi. Yenə öz çörəklərini əsirə verdilər. Beləcə, Peyğəmbər ailəsi öz orucunu ac qarın, solğun çöhrə ilə başa vurdu!

Allah-Taala vəhy ailəsinin xalisliyini, isar və fədakarlığını tərifləmiş, onların şəninə Quranda ayələr nazil etmişdir, onları başqalarına nümunə seçmişdir. İnsanlar bu ailəyə, «ürvətül-vüsqaya» (qırılmaz ipə) bağlanmaqla zülmət quyularından azadlığa çıxmalıdırlar. «Dəhr» surəsində buyurulur: «Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə əsirə yedizdirdilər.»

 

3. FATİMƏNİN (S.Ə.) MƏLƏKLƏRLƏ SÖHBƏTİ

Həzrət Fatimə (s.ə.) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də, Fatimə (s.ə.) «Mühəddəsə» (Mələklərin danışdığı şəxs) adlandırılıb. Həzrət Peyğəmbərdən (s.ə.) nəql olunub ki, «Fatimə (s.ə.) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı ona üstünlük verdi.» («Biharul-ənvar», 43-cü cild.)

Fatimə (s.ə.) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı, qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s.ə.) ibadətinin təcəllası idi.

 

4. FATİMƏNİN (S.Ə.) İSMƏTİ

Qurani-Kərim həzrət Fatiməni (s.ə.) məsum bilir. O, əsrlər boyu bütün insanlara, xüsusilə, qadınlara nümunə olmuşdur. Allah-Taala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Allah siz Əhli-beytdən hər növ çirkinliyi yox etmək, sizi paklamaq istəyir.» («Əhzab» surəsi, ayə 33.)

Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. İsmət yolu hamı üçün açıq olsa da, sübhan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə, ayə Əli, Fatimə və onların övladlarına şamil edilir.

 

Ustad Həbibullah Əhmədinin “İslamda nümunəvi qadınlar” kitabından iqtibas edilmişdir.

 

Google+ WhatsApp ok.ru