Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

Natiq Cəfərli: “Ola bilər ki, keçən il ölkəyə idxal olunan ətin bir qismi rəsmiləşdirilmirdi, ancaq bu il...”
 
Azərbaycan ət idxalını kəskin artırıb. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilir ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 milyon 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur.
 
Məbləğ baxımından isə illik artım 22 milyon 603,53 min dollar və ya 2,11 dəfə olub. 
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycana 20 mln. 375,73 dollar dəyərində 16 min 920,19 ton ət idxal edilib.
Bəs görəsən, ət idxalının bu qədər artmasının səbəbi nədir? İnsanlar daha çox ət istehlak etməyə başlayıb, yoxsa ölkədə ət istehsalı kəskin azalıb? Tələbatın qışa doğru daha da artmasını nəzərə alsaq, bahalaşma ola bilərmi? 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ət idxalının artmasının bir neçə səbəbi var: “Birincisi, yerli istehsalda azalma müşahidə olunur. Çünki yem keçən ilin ortalarından etibarən kəskin azaldı. Bəzi fermerlər bu vəziyyətdən sonra fəaliyyətlərini dayandırdılar. Bazara çıxarılan mal-qaranın sayında azalma müşahidə olundu. Nəticədə ət qıtlığı yarandı və xaricdən idxal artdı. İkinci səbəb isə statistikanın aparılması ilə bağlıdır. Əvvəlki illərə nisbətən bu il gömrükdə daha ciddi nəzarət və hesabatlılıq mövcuddur. Ola bilər ki, keçən il ölkəyə idxal olunan ətin bir qismi rəsmiləşdirilmirdi, ancaq bu il daha ciddi şəkildə rəsmiləşdirilir. Ötən illə müqayisədə ət idxalının birdən-birə 70 faiz artmasının önəmli səbəblərindən biri də budur”.
 
İqtisadçının sözlərinə görə, üçüncü səbəb odur ki, daxili istehsal azalıb, istehlak isə nəinki həmin səviyyədə qalıb, turizmin inkişafı ilə əlaqədar daha da artıb: “Çünki ölkəyə gələn turistlərin sayında bu yay ciddi artım müşahidə olundu. Ölkə əhalisinin istehlakından başqa, gələn qonaqların da ət istehlak etdiyini nəzərə alsaq, istehlakda artım müşahidə olunub. Yerli istehsal artmadığı üçün, bu tələbatı qarşılamaq məqsədilə xaricdən ət gətirilməsinə üstünlük verilməli idi. Bu 3 səbəb idxaldakı 70 faizlik artıma gətirib çıxarıb”. 
 
Natiq Cəfərli onu da vurğuladı ki, qışa doğru ətə tələbat daha da artacaq və Yeni il öncəsi ət bahalaşacaq: “Səbəb isə odur ki, yay aylarında ət istehsalçıları yem alışına daha az vəsait xərcləyirlər. Təbiətin verdiyi imkanları, yaşıl otun olduğunu nəzərə alsaq, heyvanlar təbii yem hesabına qidalanır. Ancaq fəsil dəyişdiyi üçün yem alışı artmağa başlayacaq. Yemə tələbat artdıqca qiymət daha qalxacaq. Məlumata görə, bəzi rayonlarda yemin qiymətində artıq 2 dəfəyə yaxın artım var. Yemin qışa doğru daha da bahalaşması gözlənilir. Nəticədə ətin də qiymətində ciddi artım müşahidə olunacaq. Artıq dekabrın əvvəlindən başlayaraq ətin qiymətində 10-15 faizlik artım görə bilərik. Hazırda müxtəlif ərazilərdə ətin qiyməti müxtəlifdir. Bəzi yerlərdə 11 manat, bəzi yerlərdə 12-13 manata satılır, hətta 14 manata ət satılan yerlər də var. Qiymətdən asılı olmayaraq ətin satışında 2 manata yaxın artım gözlənilir”. (musavat) /

Google+ WhatsApp ok.ru