Xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,1 mlrd dollara çatıb

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,1 mlrd dollara çatıb

2017-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 4 mlrd 119 mln dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən 15,3 faiz çoxdur.
 
“İxrac artımı (49,2 faiz) və idxalda azalma (17,2 faiz) hesabına xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,1 mlrd dollara çatıb”, - deyə Gömrük Komitəsi bildirir. 2016-cı ilin eyni dövründə saldo mənfi (-78,3 mln dollar) idi.
 
Yanvar-martda 2,6 mlrd dollar məbləğində mal ixrac edilib. Bunun 11 faizi (265 mln dollar) qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə ixracatda 18,3 mln dollar artım olub.
 
İqtisadçı Rövşən Ağayev ixracatdakı artımın neftin bahalanması ilə bağlı olduğunu deyir. İdxala gəlincə, investisiya xarakterli malların satınalması 320 mln dollar azalıb. Ərzaq idxalı isə əksinə, 50 mln dollar artıb. Rövşən Ağayevin fikrincə, bu, iqtisadi aktivliyin aşağı səviyyəsi tendensiyasının davam etdiyini sübut edir. 
 
İqtisadçı Nemət Əliyev isə Meydan TV-yə deyib ki, xarici ticarət dövriyyəsində artım əsasən təbii qazın ixrac həcminin yüksəlməsilə bağlıdır. Digər tərəfdən isə neftin qiymətinin artımının təsiri var: 
 
“Doğrusu, ixrac olunan xam neftin natura şəklində azalma var. Amma dəyər ifadəsində artım qeydə alınıb. Deməli, qiymətin hesabına xarici ticarət dövriyyəsində artım əldə olunub. O cümlədən, bir sıra məhsulların qiymətində də artımlar var. Ancaq ixrac dövriyyəsinə diqqət yetirdikdə məlum olur ki, fevrala nəzərən martda ixrac dövriyyəsi yenə aşağı düşüb. İdxalda isə artım var. Bu mənada 2017-ci ilin əvvəlindən əldə olunan müsbət tendensiyanı qoruyub saxlamaq mümkün olmayıb”. 
 
Nemət Əliyev xarici ticarət dövriyyəsində müsbət saldonun əldə olunmasını yaxşı hal adlandırıb:
"Hətta əvvəlki illərdə 12, 15, 17, hətta 19 milyard dollar ixrac dövriyyəsi olub. Ancaq hökumətin yaranmış fürsəti qeyri-neft sektorunun inkişafı baxımından reallığa çevirə bilməməsi ciddi problemdir. Bunun da kökü idarəçilikdən doğur. Ona görə 1,1 milyard saldonu da mənasız istiqamətlərdə sərf edəcəkləri şübhəsizdir".
 
İqtisadçı ölkənin tədiyyə balansında çox böyük kəsirlərin olduğunu vurğulayıb: 
"Mərkəzi Bank ilin 3 ayının tədiyyə balansını açıqlamayıb. Ancaq ölkələr arasında həyata keçirilən xidmətlərdən, eləcə də investisiya gəlirlərin bölüşdürülməsindən çox böyük kəsirlərimiz var. Ən böyük axsaq xidmətlər bölməsindədir. Tikinti sektorunda hündürmərtəbəli binaları ictimai rəyə təlqin etsələr də, bu standrtlar heç nəyə yaramır. Xarici ölkələrə xidmət təklif edə bilmirik. Bir sıra hallarda kəsir 4 milyarda qədər yüksəlir. Hazırda xarici ticarət dövriyyəsində müsbət saldonun əldə olunması bütövlükdə tədiyyə balansında yaranan böyük kəsirin müəyyən qədərinin qarşılanması baxımından faydalıdır. Təəssüf ki, hökumət bu faydalılıq imkanlarını gerçəkləşdirə bilmir".(meydantv) 

Google+ WhatsApp ok.ru