Xas nemətlər 5 əməl sayəsində

Xas nemətlər 5 əməl sayəsində

Allah-Taalanın xüsusi nemətlərinə çatmaq üçün müəyyən şərtlərə əməl edilməlidir

Əmirəlmöminin Əli (ə) Kümeyl duasında Allah-Taala ilə münacatında belə deyir:

قَوِّ عَلى خِدْمَتِكَ جَوارِحى وَاشْدُدْ عَلَى الْعَزيمَةِ جَوانِحي وَهَبْ لِيَ الْجِدَّ في خَشْيَتِكَ وَالدَّوامَ فِي الاِتِّصالِ بِخِدْمَتِكَ حَتّى اَسْرَحَ اِلَيْكَ في مَيادينِ السّابِقينَ وَاُسْرِعَ اِلَيْكَ فِي الْبارِزينَ (الْمُبادِرينَ) وَاَشْتاقَ اِلى قُرْبِكَ فِي الْمُشْتاقينَ وَاَدْنُوَ مِنْكَ دُنُوَّ الُمخْلِصينَ وَاَخافَكَ مَخافَةَ الْمُوقِنينَ وَاَجْتَمِعَ فى جِوارِكَ مَعَ الْمُؤْمِنينَ

“Ey Rəbbim! Sənə xidmət üçün əzalarıma qüvvə ver, iradəmdə əzmkarlığı artır, mənə Səndən yetərli qorxu üçün ciddilik əta et və daim Sənə qulluq göstərim ki, (xeyir əməllərdə) öndə gedənlərin cərgəsində Sənə doğru can atım, mübarizlər zümrəsində Səninlə görüşə tələsim, Sənin dərgahına müştaq olanlara qoşulum, xalis bəndələrin tək Sənə yaxınlaşım, (Qiyamətin, sanki, indi qopacağına) əmin olan yəqin əhli tək Səndən qorxum, nəhayət, Öz kənarında yer verdiyin möminlərlə bir cərgədə durum!

İmam Əli (ə) duanın bu hissəsində bütün rəhmət qapılarını açıq görür. Duanın qəbulu üçün bütün şərtlərin ödəndiyini düşündüyündən, insanın kamala çatması ilə əlaqədar mənəvi nemətlər istəyir, Allah-Taaladan məşuqa xidmət məqsədilə əzalarına güc, qüvvə diləyir.

Möminlərə xidmət Allaha xidmətdir. Bütün bu xidmətlər üçün isə, əlbəttə ki, qüvvəyə ehtiyac vardır. Əgər Allah-Taala öz bəndəsinə zəruri olan mənəvi, ruhani qüvvəni verərsə, ibadət və xalqa xidmətdən şirin ləzzət tapılmaz.

Allah-Taalanın xüsusi nemətlərinə çatmaq üçün doğru yol yolçusu müəyyən şərtlərə əməl etməlidir:

1. Lazımi iman və təqvaya malik olmayan və bunun üçün çalışmayan adamlara yaxın olmaqdan çəkinmək, övliyalar və hal əhlinə yaxınlaşmaq. İmam Əli (ə) buyurur: “Pis adamla oturub-durmaqdan çəkin. Çünkü o, öz yoldaşını həlak edər, maddi və mənəvi cəhətdən süquta uğradar.” (“Qurərul-hikəm, səh.431.)

İmam Sadiq (ə) buyurur: “Üç qisim insanla dostluqdan çəkin: xəyanətkar, zalım və sözgəzdirən. Çünki bu gün sənə xeyir vermək üçün başqasına xəyanət edən kəs, sabah sənə xəyanət edəcəkdir. Sənə görə başqasına zülm edən, tezliklə sənə zülm edəcəkdir. Başqalarından sənə söz gətirən adam sənin də sözünü başqalarına aparacaqdır.” (“Tuhəful-uqul”, səh.316.)

2. Nəinki haram tikədən, hətta şübhəli yeməklərdən, sahibinin qazanc mənbəyi məlum olmayan süfrələrdən uzaq olmaq. Peyğəmbər (s) buyurur: “Haramdan qidalanmış vücuda Allah Behişti haram edib.” (“Məcmueyi-Vərram”, c.1, səh.61.)

3. Mənəviyyatı çirkinliklər, nəfs azğınlıqları, ifrat şəhvətdən təmizləmək və qəlbdə yalnız ilahi xatirələrə yer vermək. İmam Səccad (ə) “Səhifeyi-Cəccadiyyə”nin 8-ci duasında əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən Allaha pənah aparır: “Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi, səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə ifrat, əsəbdə tərslik, nəfs istəklərinə tabeçilik, hidayətlə müxaliflik, qəflət yuxusu, həddi aşan səy, batilə üstünlük vermək, günahın davamı, günahı kiçik saymaq, ibadətini böyük hesab etmək, varlılara meyil, kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik, yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək etməmək...”

Peyğəmbərə (s) dedilər: “Bir qadın gündüzlər oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir, qonşuları incidir.” Həzrət (s) buyurur: “Xeyri yoxdur. O, od əhlidir.” (“Biharl-ənvar”, c.68, səh.394.)

4. Qarınqululuqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Möminin qəlbi üçün çox yeməkdən (qarınqululuqdan) zərərli şey yoxdur. Çox yemək (qarınqululuq) iki xasiyyətə səbəb olar: daşürəklilik və şəhvətin tüğyanı.” (“Mustədrəkul-vəsail”, c.16, səh.211.)

5. Ruha zərərli, süstlük yaradan çox yatmaqdan və ifrat istirahətdən çəkinmək. İmam Əli (ə) buyurur: “Yuxu pis düşməndir. Qısa ömrü bada verir, çox mükafatları puça çıxarır.” (“Qurərul-hikəm, səh.159.)

İslamın bəyənmədiyi ünsiyyətlərdən çəkinmək, haram tikədən imtina etmək, əxlaqi rəzilliklərdən uzaq olmaq, çox yemək və çox yatmaqdan pəhriz etmək ruha güc verir. Bu qüvvə fəzasında göz yalnız haqqı görür, qulaq yalnız haqqı eşidir, dil yalnız doğrunu danışır. İnsanın ruhu və cismi böyük eşqlə ibadət və xalqa xidmətə səy göstərir. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.301-306.)

Maide.az

 

 

Google+ WhatsApp ok.ru