XİN: Dağlıq Qarabağdakı qondarma 'seçkilər' heç bir hüquqi qüvvəyə malik deyil

XİN: Dağlıq Qarabağdakı qondarma 'seçkilər' heç bir hüquqi qüvvəyə malik deyil

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yayıb. 
 
Maide.Az  xəbər verir ki, Ermənistan Respublikasının 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma "seçkilər" keçirməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aşağıdakıları bildirir:
 
"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyil.
 
Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir; o, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır.
 
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe sərgiləyiblər.
 
Müvafiq olaraq, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi "seçki" şoularını birmənalı şəkildə və ardıcıl olaraq rədd edib və beləliklə də, Ermənistanın beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə, habelə işğal olunmuş ərazilərdən didərgin salınmış əhalinin insan hüquqlarına hörmətsizliyini əsaslandırmaq üçün istifadə etdiyi hər hansı bəhanələri açıq şəkildə etibarsız sayıb.
 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq".
 
Nazirlik bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və saxta "seçkilərin" təşkili də daxil olmaqla baş vermiş faktı (fait accompli) qəbul etdirmək cəhdi nə Ermənistanın arzuladığı siyasi nəticəyə heç vaxt gətirib çıxarmayacaq, nə də bu ölkə üçün heç bir müsbət perspektiv gətirməyəcəkdir. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaq".
 

Google+ WhatsApp ok.ru