Xocalıdan reportaj, 1991-ci il - VİDEO

Xocalı facisəsi Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə soydaşını itirib.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.
 
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.
 
Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub.
 
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
 
Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq, 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.
 
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur.
 
Qərb və dünya mətbuatı "Xocalı qətliamı" terminindən istifadə etməyə üstünlük verir. Əslində Xocalı Azərbaycanın ərazisidir. Erməni daşnaqları isə buranı özünüküləşdirmək istəyir. /

Google+ WhatsApp ok.ru