Xocalı haqqında filmin baş qəhrəmanı ağır vəziyyətdə VİDEO

Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində dünyanın müxtəlif şəhərlərində Litvalı kinematoqrafçıların “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunur.
 
Bu filmin baş qəhrəmanlarından biri soyqırımda 8 qohumunu, o cümlədən həyat yoldaşını itirmiş və erməni əsirliyində olmuş Xocalılı musiqiçi Valeh Hüseynovdur.
 
Bu gün həyatda qalan xocalılardan biri olan bu şəxs yoxsulluq içində sürünür. Onun aylıq əmək haqqı təxminən 150 manatdır. Maddi yardımlara baxmayaraq, Valeh və ailəsi (üç övladı, həyat yoldaşı və yaşlı valideynləri) ehtiyac içindədir.
 
“Mən toylarda çalıb bir az pul qazanırdım, amma bu vəsait də çatmırdı. Atam xəstələndi, əməliyyat üçün kredit götürməli olduq. Gəlirimiz yox idi. Birinci krediti bağlamaq üçün daha böyük məbləğdə kredit götürmək lazım gəldi, sonra da ucu-bucağı itdi”, deyə Valeh bildirib.
 
Dostların və tanışların köməyi ilə xeyriyyə konserti keçirmək və bir qədər pul yığmaq mümkün oldu. Lakin başqa gəlirlərin olmaması və uşağın xəstəliyi də yenidən banklara müraciət etmək məcburiyyətində qoydu.
 
 
2015-ci ildə filmin Türkiyədə nümayiş olunmasından sonra Azərbaycanda məşhur şirkətlərdən biri onu işə götürüb, lakin bu gün həmin şirkət də dəstəkdən imtina edib. Faciənin ildönümü ərəfəsində Valeh həlak olmuş qohumları üçün ənənəvi ehsan vermək üçün əmək haqqının bir hissəsinin əvvəlcədən verilməsini xahiş edib. Buna cavabda firma rəhbəri onu nanəcib və nalayiq insan adlandırıb.
 
“Bu gün bütün dünyada mənim həyatım, faciəvi taleyimlə bağlı film nümayiş olunur. Buna böyük vəsait sərf olunur, amma dəstək müraciətlərim cavabsız qalır.
 
Həlak olmuş həmvətənlərimin, qonşularımın və qohumlarımın yad olunması müqəddəs və zəruri vəzifədir. Amma, yəni yaşayan xocalıların həyatı heç nəyə dəyməz? Yəni Xocalı faciəsinin tanınmasına nail olmaq üçün ayrılan vəsaitlərin bir hissəsini yaşayanların dəstəklənməsinə yönləndirmək olmaz? Mənim kimi onlarla, bəlkə də yüzlərlə insan var”, deyə Valeh bildirib.
 
Daimi ehtiyac, üstəgəl streslər ağır diabetdən əziyyət çəkən Valehin vəziyyətini çətinləşdirib. Məhz buna görə ötən həftəsonu Valehin vəziyyəti kəskin şəkildə pisləşib, o, reanimasiyaya düşüb. Həkimlər çətinliklə həyatını xilas edib.
 
“Bilmirəm sabah başıma nə gələcək, amma belə bir təəssürat var ki, biz heç kimə lazım deyilik”, deyə Valeh acı şəkildə bildirib.
 
Valeh Hüseynov mühasirəyə alınmış Xocalıdan onlarla insanı çıxaran, bu zaman öz həyat yoldaşını itirən döyüşçülərdən biridir. Qadınları və uşaqları xilas edərkən o, özü əsir düşüb, burada amansız işgəncələrə məruz qalıb və möcuzə ilə sağ qalıb. O, iki ay sonra təhvil verilib.
 
(contact)

Google+ WhatsApp ok.ru