XOCALI

Ümumi Məlumat
 
 Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,9 min nəfərdi (01.10.2012). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Kəndləri bunlardır – Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.
 
 Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu keçirdi.
 
 İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi.
 
 Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur.
 
 “Xocalının səsi” rayon qəzeti 1991-ci ildən nəşr edilir.
 
 Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.
 
COĞRAFİYASI
 
 Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
 
TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ
 
 Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.
 
 XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s. hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.
 
 Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır.
 
 Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.
 
 Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
 
 Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
 
 Əsasən eramızdan əvvəl XVII-XIII əsirləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər və menhirlərdən ibarətdir.
 
 Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cəhətdən əlverişli yerlərdə, xüsusi ilə strateji cəhətdən müdafiəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çox gözlü olub, bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17-18 m, eni isə 8-10 m olan bu cür evlər xüsusi arakəsmələr vasitəsilə bir neçə hissəyə bölünmüşdür.
 
 Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni e.ə. II minilliyin sonunda artıq bu cür evlərin döşəmə və divarların xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur.
 
 Bütün bunlar primitiv şəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasını parlaq surətdə sübut edir.
 
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və s. adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri daşlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmişdir. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı yerləri üç sal daşdan düzəldilib, üstündən isə hörgü davam etdirilmişdir. Bu abidələr əsasən, e.ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur.
 
 Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır: 1) iri ticarət yolları üzərində bu yolları müdafiə etmək məqsədilə; 2) düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək məqsədilə; 3) müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişdir.
 
 Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir. Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.
 
 Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlərdə müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq sklet aşkara çıxarılmışdır.
 
 Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.
 
 Xocalı kurqanlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, danışdığımız dövrdə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir.
 
 Xocalıda tapılmış külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdılar. Onlar hazırlayacağı qablar üçün xüsusi, yararlı gil mədənləri aşkar etmiş və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd olmuşdular. Qarabağ dulusçuları hazırladıqları gil qabların bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qablarının hamısının üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir vermişlər. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fiqurlar, nəbati təsvirlər cızılmışdır. ən maraqlısı da odur ki, qabların üzərində xətlərin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir.
 
 Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları qabların çiyini üzərində xüsusi göbələkvarı çıxıntılar düzəltmişlər ki, bu da qablara xüsusi gözəllik verir.
 
 Xocalıdakı 5№-li kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənləri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkişafını da sübut edən xeyli maddi mədəniyyət qalıqları da aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur.
 
 Yuxarıda qeyd etdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan biridə Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali silahlar hazırlamışdır. Bəzən isə ondan bəzək əşyaları hazırlamaqda da və çoxlu ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir.
 
 Qarabağ qılınclarının dəstəklərinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstək hissəsinin başında iki tərəfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxırlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi.
 
Eramızdan əvvəl birinci minilliyin başlanğıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuşdular.
 
 Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Onlardan biri Menhirlərdir. Menhir ingilis sözü olub uzun daş deməkdir. Menhir qəbilə quruluşlu dövrünün məhsulu olub, ölən adamın qəbiri üzərində dik basdırılmış bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin adamın ruhu daşa keçir və orada əbədi yaşayırdı. Maraqlı burasıdır ki, ibtidai dini təsəvvür qalığı olan həmin daşlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmişdir. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr yerli əhalinin mənəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edir.
 
 Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tətbiq olunan 11№-li kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır.
 
 Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən bu mədəniyyətin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil ümumiyyətlə yaxın şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş istifadə edirlər. Bu problemlərdən biri 3-4 min il bundan yaxın şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkdir. Xocalı abidələri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar.
 
 Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevral ayında erməni və rus ordusunun qoşunları Xocalı əhalisi vəhşicəsinə qırarkən hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışdılar.
 
 Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. erməni işğalı nəticəsində dağıdılıb.
 
XOCALI SOYQIRIMI
 
 Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.
 
 Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
 
 Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
 
 Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanlı kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
 
 Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
 
 Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
 
 Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
 
 Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
 
 Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
 
 Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
 
 Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
 
 Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
 
 İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
 
 Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
 
 İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
 
 R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
 
 Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
 
 Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
 
 Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
 
 Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır.
 
 Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. (Xocalının işğalına dair istintaq materiallarından)
 
 Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
 
uşaqlar - 63 nəfər;
 
qadınlar - 106 nəfər;
 
qocalar - 70 nəfər;
 
8 ailə tamamilə məhv edilmişdir;
 
25 uşaq hər iki valideyninin itirmişdir;
 
130 uşaq valideynlərindən birini itirmişdir;
 
487 nəfər yaralanmışdır, onlardan:
 
uşaqlar - 76 nəfər;
 
1275 nəfər əsir götürülmüşdür:
 
150 nəfər İtkin düşmüşdür:
 
 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi. 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır. 
 
Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
 
 Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
 
 Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsini ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
 
 Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
 
 Tarix heç nəyi unutmur.
 
MİLLİ QƏHRƏMANLARI
 
Erməni işğalçılarına qarşı fədakarcasına mübarizə aparan 10 nəfər Xocalı rayon sakini Respublikanın ən yüksək fəxri adına - Milli Qəhrəman adına layiq görülmüşdür (9 nəfər ölümündən sonra):
 
• Mayor Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) - 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı - rəisi işləmişdir.
 
• Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) - 1954-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər Özünümüdafiə taborunun komandiri idi.
 
• Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) - 1949-cu ildə anadan olub. Müəllim idi.
 
• Rüstəmov Füzuli Salah oğlu (ölümündən sonra) - 1959-cu ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
 
• Səlimov Araz Bahadur oğlu (ölümündən sonra) - 1963-cü ildə Xocalıda anadan olmuşdur. Taborun üzvü idi.
 
• Həsənov Tabil Qasım oğlu (ölümündən sonra) - 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü idi.
 
• İsmayılov İnqilab Ələkbər oğlu (ölümündən sonra) - 1962-ci ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
 
• Salahov Şakir Şamil oğlu (ölümündən sonra) - 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
 
• Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra) - 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
 
• Məmmədov Möhsüm Şahin oğlu - 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Hazırda Şuşa rayon Polis şöbəsinin rəis müavini işləyir.
 

Google+ WhatsApp ok.ru