Xocalı qətliamı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət göndərilib

Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası Xocalı qətliamı haqqında gerçəklərin üzə çıxmasını və suçluların cəzalandırılmasını tələb edir
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası İzmirdə keçirdiyi Xocalını anma mərasimində günahkarların mühakimə olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Bu haqda musavat.com-a açıqlama verən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası başqanı İsa Ambarçı deyib ki, bu gün Ermənistan iqtidarında olan və Xocalı soyqırımını törədən şəxslərin cəzalandırılması üçün əlindən gələni edəcək: “Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün 2 ildir ki, ciddi şəkildə çalışırıq. Soyqırımı təsdiq edən çoxsaylı sənədlər əldə etdik, şahidlərin ifadələrini sənədlərə çevirdik. Qurumumuz adından vəkil Cafer Zor bu sənədlər əsasında Avropa İnsan Haqları Məhkəməsinə rəsmi müraciət hazırladı. Artıq sənəd Türkiyə qanunvericiliyinə uyğun prosedurları keçib və Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Ötən həftə Türkiyənin önəmli qurumlarından olan Avropa Birliyi Nazirliyinin İzmirdə düzənlədiyi vətəndaş cəmiyyəti institutları ilə görüşündə bu haqda çıxış etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə göndərmək üçün hazradığım sənədi nazir və prezident müşaviri Volkan Bazkıra təqdim etdim”.
İ.Ambarçı ümid edir ki, Türkiyə dövləti Xocalı soyqırımı qatillərinin ədalət məhkəməsi qarşısına çıxarılması üçün üzərinə düşəni edəcək./

Google+ WhatsApp ok.ru