Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Sabah səhər saatlarından başlayaraq Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anma tədbirləri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlət qoyulacaq.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov SalamNews-a bildirib ki, Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüşün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
Avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək: Bakı-Ələt yolunun 14-cü kilometrindən və Sədərək Ticarət Mərkəzinin çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq meydanı, “Dalğa Plaza”nın inzibati binasının yanından M.Useynov küçəsinə.
 
Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən, Afiyəddin Cəlilov-Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyli, Xəqani, Puşkin, 28 May, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdiriləcək.
 
Anım mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. 

Google+ WhatsApp ok.ru