Xocalı faciəsinin 26-cı il dönümünə həsr edilmiş dəyirmi masa keçirilib

Xocalı faciəsinin 26-cı il dönümünə həsr edilmiş dəyirmi masa keçirilib

-- “Azərbaycanı özünə vətən bilən hər bir kəs canından və qanından keçməyə hazır olmalıdır`

Bu gün Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı il dönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
 
Maide.Az "İslaminSesi"-nə istinadən xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutam tədbirdə ölkənin tanınmış ictimai xadimləri, ruhani alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
 
Tədbir ilk öncə müqəddəs Qurani-Kərim və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə açıq elan edildi.
 
Dəyirmi Masanı giriş nitqi ilə açıq elan edən İslaminSesi İnformasiya Portalının baş redaktoru Xəyal Şükür bildirdi ki, tariximizə qanlı və faciəvi hərflərlə yazılan Xocalı soyqırımının 26-cı il dönümünü yaşayırıq və faciə xalqımızın qan yaddaşıdır.
 
Xəyal Şükür onu da əlavə etdi ki, bu cür tədbirləri keçirməkdə əsas məqsəd tarix boyu başımıza gətirilən faciələri unudulmasına imkan verməmək və gələcək nəsillərə lazımı formada çatdırmaqdan ibarətdir:
 
“Tarix boyu düşmənlər bir xalqı və milləti aradan aparmaq istərkən ilk öncə onlara keçmişini unutdurmağa, xüsusilə keçmişində baş verənlərdən ibrət və dərs götürməyə imkan verməyiblər. Buna görə də ən yüksək formada tarximizə sahib çıxaraq başımıza gətirilən faciələri düzgün və doğru formada gələcək nəsillər çatdırmaqda borcluyuq.”
 
Sonra çıxış üçün söz AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verildi.
 
Növrəstə xanım çıxışı zamanı vurğuladı ki, artıq torpaqlarımızın işğalı və başımıza gətirilən faciələrlə bağlı səbr etməyin vaxtı qurtarıb: “Xalqımıza hər bir işində səbr və təmkin arzulamaq olar. Lakin bu məsələdə səbr və təmkin göstərə bilmərik. Oturub növbəti ildə Xocalı faciəsinin 27-ci il dönümünü qeyd etməyə gözləməməliyik. Dayanmadan qisas haqqında və torpaqlarımızı geri qaytarmaq barədə fikirləşməliyik. Mən inanıram ki, biz bir xalq və millət olaraq mərd oğullarımız hesabına qısa zaman ərzində torpaqlarımızı işğaldan azad edərək düşmənlərimizdən qisasımızı alacağıq.”
 
Sonra çıxış edən Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, aprel müharibəsindən sonra hamı Azərbaycan xalqının qeyrət damarının yerində olduğunu bir daha başa düşdü:
 
“Orada şəhid olan övladlarımız düşmənin üzərinə yeriyərək qismən də olsa qisasımızı aldılar. İnşəallah ki, tam formada qisasımız da alınacaq. Bunun üçün isə dövlətimizi daxildən gücləndirməyə və ideoloji dayaqlarını möhkəmləndirməyə ehtiyac var. Və hər kəs başa düşməlidir ki, Xocalı faciəsinin və işğal edilmiş, dağıdılmış yurdumuzun qisası alınmayana qədər şəhid övladlarımızın ruhları bizləri daima narahat edəcək.”
 
Sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, Xocalı Azərbaycan xalqının tarixinə və qəlbinə qanlı hərflərlə yazılmış faciələrdən biridir.
 
Xocalının intiqamı alınana qədər daima bu hadisənin və faciənin hər yerdə təkrarlanmasının və deyilməsinin vacib olduğunu söyləyən Hacı İlham Əliyev, “bu hadisənin intiqamının aldıqdan sonra da, daima yad edilməli və xatırlanmalıdır. Nə qədər Azərbaycan yaşayırsa bu hadisə yaşamalıdır. Xocali faciəsi inşəallah qələbədən sonra da yaşamalıdır ki, gələcək nəsillər də bundan ibrət götürsünlər”, - deyə bildirdi:
 
“Məzlumiyyət siması itməməlidir. Bu o deməkdir ki, biz öz gələcəyimizi düzgün tənzimləyə bilərik. Gələcək nəsillərə göstərməliyik ki, can vemişik, qan vermişik və istiqlaliyyətimizi əldə etmişik. Bu azadlığı elə ucuz qiymətə almamışıq ki, belə asanlıqla unudaq. Qanı tökülmüş və qətlə yetirilmiş insanları unutmaq qeyri-mümkündür. Bu bizim əqidəmizlə də bağlıdır. İslam dini də bunu dəstəkləyir. İslam dini sonradan gəlmə bir din deyil ki, onda uyğunsuzluq olsun. O insanın fitrətindən qaynaqlanan bir dindir. Hətta İslamda olan qayda qanunların bir çoxu da ondan əvvəlki cəmiyyətlərdə də yaşanıb. Çünki İslam insan fitrətindən dünyaya gəlmiş bir dindir. Ona görə də zülmə məruz qalmış insanlar İslam dininin təlimatında önə çəkilir.”
 
Hacı İlham Əliyevin sözlərinə görə, gündəlik 5 vaxt qılınan namazlarda oxunan Fatihə sürəsində Allahdan “ihdinassirətəl müstəqim” - deyə bizi düzgün yola yönəltməsini istəyirik: “Sual edilə bilər ki, hansı düzgün yoldan söhbət gedir? Həmin düzgün yol Həzrəti Musanın(ə) öz dilindən Qurani-Kərimdə belə bəyan edilir: 
 
”İlahi o nemət ki, sən mənə inayət etmisən. Heç vaxt zülm əhlinə dayaq olmayam.” Yəni zalımın zülmünü yeridildiyi anda ona dəstək olmamaqdan söhbət gedir. Necə ki, bizlər də namazda Allahdan bizi nemət verdiyi şəxslərin yoluna yönəltməyi istəyəndə, məhz bu yola işarə edilir. Yəni zalımın zülümündə ona dəstək olmayanların yoluna yönəlt bizləri. Ona görə də Xocalı hadisəsi daim xatırlanmalı və qeyd olunmalıdır.”
 
Hacı İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, daim cəmiyyətimizə zülmə qarşı çıxmağı və şəhadət ruhiyyəsini aşılamalıyıq: “Özünü bu torpaqlara mənsub bilən və buranı özünə vətən bilən hər bir vətəndaş bu torpaqlar uğrunda canından və qanından keçməyə hazır olmalıdır. Həmin insanlarda inanc formalaşmalıdır ki, əgər mən bu vətən uğrunda canımdan keçirəmsə mən əbədi olaraq xatirələrdə yaşayacam.”
 
Tədbirdə Xocalıda ermənilərin əlinə əsir düşərək dəhşətli işgəncələrə və zülmlərə məruz qalmış Xocalı sakini Hüseynağa Quliyev də çıxış edərək, ermənilərin 26 fevral günü törətdikləri dəhşətlərdən danışdı.
 
Dəyirmi masa digər iştirakçıların çıxışları, məktəblilərin şer və inşalarını səslədirməkləri ilə davam etdi.

Google+ WhatsApp ok.ru