XOŞBƏXTLİK AXTARIŞINDA – İBADƏT, MƏİŞƏT VƏ HALAL LƏZZƏT

XOŞBƏXTLİK AXTARIŞINDA – İBADƏT, MƏİŞƏT VƏ HALAL LƏZZƏT

Əxlaq alimlərinin nəzərinə görə, əxlaq elmi insanlara əsil səadət və xoşbəxtliyi aşılayır və ona çatmaq üçün daim çalışmağa, onun arzusu ilə hər çətinliyə qatlaşmağa dəyər. Səadətə qısa ibarə ilə belə tərif vermək olar: “İnsana layiq hər mümkün kamala çatmaq səadət adlanır.” Başqa sözlə, insan ixtiyarındakı maddi və mənəvi qüvvələrdən düzgün bəhrələndiyi halda səadət və xoşbəxtliyi əldə edir.

Kamal və bəhrələnməyin qısa-ümumi məfhumu aydın olduğu halda, xarici həyatındakı nümunələri baxımından ayırd edilməsi çox çətindir. Misal üçün, uzun müddət ömrünü rifah içrə keçirən, ruhi aramlığı mal-dövlətdə görən xudbin şəxs, mümkündür, özünü xoşbəxt bilsin. Hətta onun ölümündən sonra mal-dövlətini cinsi ehtirasların təmini və s. yollarda dağıdan naxələf övladı belə, özünü səadətli və xoşbəxt hesab etsin. Şübhəsiz, onların hər ikisi səhv yoldadır. Əsl səadətə çatmaq istəyən insan hökmən həqiqi təkamülün, maddi və mənəvi nemətlərdən düzgün istifadənin yollarını öyrənməlidir.

SƏADƏT YALNIZ RUHİ YÖNƏMİ MALİKDİR?

Kalabon kimi bəzi qədim yunan filosoflarının əqidəsinə əsasən, səadət yalnız ruhi yönə malikdir və maddi amillərin insanın səadət və xoşbəxtliyində heç bir təsiri yoxdur. Onlar deyirdilər ki, səadət yolu yalnız insani keyfiyyətlər, əxlaqi fəzilət və kamallarla qazanılır. Bu dünyada insanın kamil səadətə çatması qeyri-mümkündür və ruhun maddi bədənlə əlaqəsi və cismə bağlılığı davam etdiyi vaxta qədər həqiqi səadət və xoşbəxtlikdən məhrumdur. Ruh bədəndən ayrılarkən mütləq səadət mümkündür. Bununla da, onlar əsl səadətə nail olmaq üçün tərki-dünyalığa üz çevirir, ona etinasız yanaşırdılar. Hətta filosof Kalabonun bir çalada yaşaması, yaşayış vəsaitindən yalnız bir su qabı ilə kifayətlənməsi məşhur hadisədir. Deyilənlərə görə, o, bir gün bir kəsin arxdan əli ilə su içdiyini gördükdə, həmin su qabını da tullamışdır.

Bu əqidəyə tam əks olan “ekzistensialist”lər isə səadət və xoşbəxtliyi maddi ləzzətlərdən qeyd-şərtsiz istifadədə görür, bunun qarşısını almağı mənasız bilirlər! Onlar mütləq xoşbəxtliyi yalnız maddi ləzzətlərdə görür, bu yolla dəlilik həddini belə aşır, hətta praktiki olaraq ictimai-əxlaqi qayda-qanun və şərtləri ayaq altına qoyurlar!

Şübhəsiz, (müasir dövrdə qərb və qərbyönlülər arasında yayılan) bu təfəkkür tərzini “məktəb” adlandırmaq olmaz. Əksinə, bu, bir növ ruhi-psixoloji xəstəlik və səadət yolunu cismani yönlərdən tam təcrid edən Kalabon məktəbi kimi ifrat fikirlərə əks cərəyandır.

MÖTƏDİL MƏKTƏB

İnsan təkcə cismin, yaxud ruhun deyil, hər ikisinin məhsuludur. Buna əsasən, xoşbəxtliyi yalnız iki qisimdən birində arayıb-axtarmaq olmaz. Şübhəsiz, insan varlığının yalnız bir cəhətini araşdıran hər hansı məktəb və proqram onun mahiyyətini tam əhatə etmədiyindən, səadət və xoşbəxtliyi də təmin edə bilməz. Burada ruhun cisim və maddəyə nisbət ilkinliyini də unutmamalıyıq.

Şərqdə “ilk müəllim” kimi tanınan məşhur yunan filosofu Aristotel və onun ardıcılları bu məktəbin tərəfdarlarıdır. Demək olar, İslam özü yüksək təlimləri ilə bu məktəbin önündə durur və onu yeni üsullarla bəyan edir. Bunu biz Qurani-Kərimin bir çox ayələri və böyük İslam rəhbərlərinin kəlamlarında müşahidə edə bilərik. Burada İslamın şüarı aşağıdakı ayədə xülasə edilir:

{فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُواْ اللّهَ كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ}

“İnsanların bəzisi “Ey Rəbbimiz, bizə bu dünyada (xeyir) əta et!” – deyirlər. Belələrinin axirətdə heç bir payı yoxdur. Bəziləri isə “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də xeyir ver, bizi cəhənnəm əzabından qoru!” – deyirlər! Belə şəxsləri gördükləri işə (və duaya) görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!” (“Bəqərə” surəsi, ayə 200-202.)

Bu təfəkkürə əsasən, cisimlə ruh bir-birinə elə sıx bağlıdır ki, onların biri nasaz olduqda, digərinə də təsir edir. Müasir psixologiya isbat edir ki, bir çox əxlaqi-ideoloji azğınlıqların mənşəyi cismani və maddi ehtiyacların lazımınca təmin olunmamasıdır. Əksərən, əzilmiş meyil və hisslər özünü ruhi kin-küdurət və psixoloji düyünlər kimi göstərir. Bunlar psixoloq və əxlaq alimləri üçün böyük çətinliklər yaradır, onları ümumi tərbiyə üsulları ilə aça bilmirlər. Onların müalicəsini yarandığı və vücuda gəldiyi yolda axtarır, yəni ehtiyacları bərpa etməklə münasib üsulu məqsədəuyğun görürlər.

Məsələn, çoxlarındakı bədbinlik, qorxu, həsəd, təkəbbür və kin-küdurət kimi rəzil sifətlər deyilən problemdən irəli gəlir. Buna görə də, bu gün əxlaqi xəstəliklərin, cisim və ruhun dərmanı və müalicəsində onların hər ikisi nəzərə alınmalıdır. İslam bu dərin məsələni nəzərə alaraq müəyyən yollar təklif edir:

{قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِيَ أَخْرَجَ لِعِبَادِهِ وَالْطَّيِّبَاتِ مِنَ الرِّزْقِ قُلْ هِي لِلَّذِينَ آمَنُواْ فِي الْحَيَاةِ الدُّنْيَا}

“(Ya Peyğəmbər!) De: “Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De ki, bunlar dünya həyatında iman gətirənlər üçündür!” (“Əraf” surəsi, ayə 32.)

İmam Əlinin (ə) “qısa kəlamlar”ından birində belə buyurulur:

لِلْمُؤْمِنِ ثَلاثُ ساعاتٍ: فَساعَةٌ يُناجِي فِيها رَبَّهُ وَ ساعَةٌ يَرُمُّ مَعاشَهُ وَ ساعَةٌ يُخَلِّي بّيْنَ نَفْسِهِ وَ بَيْنَ لَذَّتِهِ فِيما يَحِلُّ وَ يَجْمُلُ

“Mömin öz həyatını üç qismə bölür: bir qismini Allahla raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə halal və bəyənilən ləzzətlərə həsr edir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru